Finlandiyanın NATO-ya qəbulu ilə bağlı rəsmi mərasim bu gün təşkilatın Brüsseldəki mənzil-qərargahında keçiriləcək və həmin gün alyansın xarici işlər nazirlərinin planlaşdırılan ikigünlük iclası açılacaq.
Teleqraf.com xəbər verir ki, Finlandiya NATO-ya İsveçlə birgə daxil olmaq niyyətində olsa da, Stokholm Ankaranın Türkiyədə terrorçuluqda ittiham olunan şəxslərin ekstradisiyası ilə bağlı bütün tələblərini hələ də yerinə yetirmədiyi üçün Türkiyə krallığın Alyansa girişini əngəlləməkdə davam edir.
İlk olaraq alyansın bütün ölkələrinin xarici işlər nazirləri Finlandiyanın qəbul protokollarının ratifikasiya olunmuş əsillərini ABŞ-nin dövlət katibi Entoni Blinkenə (ABŞ NATO-nun bütün sənədlərinin saxlancıdır) təhvil verəcəklər, daha sonra mənzil-qərargahın qarşısındakı 31-ci bayraq dirəyində Finlandiya bayrağı qaldırılacaq, təntənəli çıxışlar ediləcək.
Qeyd etmək lazımdır ki, Finlandiyanın NATO-ya üzvlüyü hərbi blokun yaxın keçmişində ən mühüm hadisələrdən biridir.
Finlandiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq neytrallıqdan əl çəkib və Alyansa üzv olmaq qərarına gəlib.