“Hindistan Çinin Arunaçal Pradeş əyalətindəki yaşayış məntəqələrinin adının dəyişdirilməsi cəhdlərini qəbul etmir”.
Teleqraf.com xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi deyib.
“Bu barədə xəbərləri görmüşük. Bu, Çinin ilk belə cəhdi deyil. Bunu qəti şəkildə rədd edirik. Arunaçal Pradeş Hindistanın ayrılmaz hissəsidir, ayrılmaz hissəsi olub və həmişə də olacaq. Uydurma adlar vermək cəhdləri bu reallığı dəyişməyəcək”, - XİN sözçüsü vurğulayıb.
Çin hökuməti Arunaçal Pradeşdəki 11 yer üçün yeni adların siyahısını açıqlayıb.
Hindistan tərəfinin iddiasına görə, Çin üçüncü dəfədir “Tibetin cənub hissəsi” adlandırdığı Arunaçal-Pradeşdəki yerlərin adını dəyişdirir.
Himalay dağlarında Hindistan və Çin arasında demarkasiya edilmiş sərhəd (iki ölkə Faktiki Nəzarət Xətti ilə ayrılır) onilliklər ərzində gərginlik mənbəyi olub. 1959-cu ildə Hindistan Çin tərəfinin Arunaçal-Pradeş əyalətinin bir hissəsini ələ keçirdiyini açıqlayıb. 1962-ci ildə tərəflər arasında hərbi toqquşma baş verib. Nəticədə təxminən 38 000 kv.km. ərazi - Ladax və Aksay bölgələri Çinin nəzarətinə keçib.