Ukrayna ordusunun “Roma” ləqəbli zabiti (Təhlükəsizlik səbəbindən adının tam açıqlanmasını istəmir) Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Hazırda cəbhədə ümumi vəziyyət necədir?
- Müxtəlif bölgələrdə döyüşlər gedir. Vəziyyət gərgin olaraq qalır.
- Uzun müddətdir ki, Ukrayna ordusunun əks-hücuma hazırlaşdığı deyilir. Bu barədə nə deyə bilərsiniz?
- Allah necə qismət edibsə, hər şey elə də olacaq. Bu, mənim və sıravi əsgərlərin biləcəyi bir şey deyil.
- Rusiya ərazisindən mütəmadi olaraq Ukrayna silahlı qüvvələrinin hərbi-strateji mövqeləri, ən əsası isə yaşayış məntəqələri atəşə tutulur. Çoxsaylı mülki insan itkisinin qarşısını almaq, zərbələrdən yayınmaq üçün və qarşısını almaq üçün hansı tədbirlər görülür?
- Hücumların qarşısının alınması üçün əks-hücumlar olur, bir sıra addımlar atılır. Bu müharibəni dinc yolla dayandırmaq mümkün deyil. Rusiya öz işğal planlarını həyata keçirmədən torpaqlarımızdan əl çəkmək istəmir. Rusiya ordusu sadəcə sayca bizdən üstündür. O ki qaldı yaşayış obyektlərinin vurulması, bu, Rusiyanın apardığı siyasi oyun və çirkin müharibənin göstəricisidir.
- Necə düşünürsüz müharibə Krım azad olunandan sonra dayanacaq? Bəs Ukrayna Rusiyanın buna veriləcək reaksiyasından çəkinmir?
- Bizə 1991-ci ildəki administrativ sərhəd lazımdır, nə az, nə də çox... 2013-cü ildə Krım işğal olundu, sonra şərqlə konflikt başlandı. Bu, Rusiya üçün az itki ilə nəticələndi. Lakin böyükmiqyaslı müharibəyə başlamağa gəlincə, bizim artıq geri çəkilməyə ixtiyarımız yoxdur. Çox həyat məhv oldu, çox adam həlak oldu. Rusların Ukraynada yeri yoxdur. Onlar başladı və biz bitirəcəyik.
- Ukraynanın xəbər portalı iddia edir ki, əgər F-16 və F-18 tipli qırıcılar əldə edərlərsə, müharibənin gedişatını dəyişə bilərlər. Bu iddia nə qədər məntiqlidir?
- Mən bu suala cavab verməkdə çətinlik çəkirəm.
- Ukraynada Azərbaycana münasibət necədir? Azərbaycanın Ukraynaya verdiyi humanitar yardımdan cəmiyyət xəbərdardırmı?
- Bəli, əlbəttə biz Azərbaycan, Gürcüstan və başqa qardaş ölkələrin bizə etdikləri yardımı, dəstəyi unutmayacağıq. Hətta Azərbaycandan tanıdığım qardaşlar var ki, bizimlə burada çiyin-çiyinə durub vətənimizi qoruyurlar. Biz bunu heç vaxt unuda bilmərik. Qarabağ Azərbaycandır!
- Rusiya haqda formalaşmış dünyanın ikinci ordusu mifini darmadağın etdi. Buna necə nail oldunuz?
- Bilmirəm necə izah edim, lazım olanı edirik. Allah eləməmiş bizi öldürə və ya girov götürə bilərlər, lakin bizim ideyalarımızın arxasında dayanan minlərlə insanlar qanın son damlasına qədər Rusiyaya qarşı dayanacaqlar.
- Qida, geyim, hərbi təchizat ehtiyatı varmı?
- Könüllülərin köməyi və yeməklə təminat prinsipi sayəsində qida ilə bağlı heç bir problem yoxdur. Ancaq mən yalnız öz bölməm üçün danışa bilərəm və o, digərlərindən fərqlənə bilər. Amma ümumiyyətlə, tabeliyimdə olan əsgərlərdən şikayət eşitməmişəm. Elə mövqelər də var ki, atəşə görə günlərlə oranı tərk edə bilmirsən, o zaman müəyyən çətinliklər yaranır. Mövqeyə əsasən dəstəyə əlavə hərbçilər də göndərilir. Yaş aralığı 18-60-dır.
- Yaralılara vaxtlı-vaxtında tibbi xidmət göstərilir? Bunun üçün lazımi ehtiyatlar var?
- Bəli var. Yaralılara ilkin tibbi yardım oradaca göstərilir, sonra mümkünsə evakuasiya edilir. Sabitləşmə nöqtəsinin vəziyyətindən asılı olaraq böyük şəhərlərə və ya daha uzaqlara aparılır.
- Əsgərlər ailələri ilə əlaqə saxlaya bilir?
- Əlaqə saxlaya bilirik, amma bu, tapşırıqlardan asılıdır. Uzunmüddətli döyüş tapşırığına yollananada heç bir əlaqə yaratmaq olmaz. Yalnız baza düşərgələrində olanda danışırıq.
- Müharibədə indiyədək ən təsirli, gözünüzün önündən getməyən hansısa an olub?
- Suala necə cavab verəcəyimi bilmirəm. Unutmağa çalışıram, ən parlaq məqam yəqin ki, ilk döyüşdür, bunu heç vaxt unutmazsan. Çünki, burada sadəcə yaşayırsan, işləyirsən, xəyal edirsən və sonra müharibə başlayır və ilk döyüş, raketlərin ilk gəlişi... Bunlar unudulmazdır...