“Avropa Birliyi Rusiyanı öz günahı üzündən itirdi, indi Moskva onu dost olmayan birlik hesab edir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Avropa Birliyi Rusiyanı itirdi, amma bunun günahkarı odur. Çünki Rusiyanın strateji məğlubiyyətinin zəruriliyini açıq şəkildə bəyan edən Avropa Birliyinə üzv ölkələr və birlik liderləridir. Onlar Kiyevin cinayətkar rejimini silah-sursatla doyurur, Ukraynaya təlimatçılar və muzdlular göndərirlər. Ona görə də biz Avropa Birliyini dost olmayan birlik hesab edirik”, - nazir bildirib.
Lavrov Rusiyanın bundan lazımi nəticələr çıxardığını vurğulayıb. Onun sözlərinə görə, Moskva düşmən addımlarına cavab olaraq lazım gələrsə, Rusiyanın milli maraqlarını və diplomatik praktikada hamılıqla qəbul edilmiş qarşılıqlı prinsipini rəhbər tutaraq sərt davranacaq.
Lavrov qeyd edib ki, Rusiya AB ilə dialoqun gələcəyi ilə bağlı qərarlarını ölkənin yeni xarici siyasəti konsepsiyasında nəzərdə tutulan maraqlar əsasında qəbul edəcək.
“Avropalılar nə vaxtsa anti-Rusiya kursundan əl çəksələr və Rusiya ilə qarşılıqlı hörmət əsasında dialoqa üstünlük versələr, onların təkliflərini nəzərdən keçirəcək və Prezident Vladimir Putinin xarici siyasət konsepsiyasında təsbit etdiyi milli maraqlarımız əsasında qərarlar qəbul edəcəyik”, - Rusiyanın baş diplomatı vurğulayıb.
Nazir əlavə edib ki, onun xarici səfərlərinin coğrafiyası dəyişib və bu, Rusiyanın beynəlxalq aləmdə yeni xarici siyasət konsepsiyasında təsbit olunmuş prioritetlərini əks etdirir.