“Artıq Türkiyə beşinci nəsil döyüş təyyarəsi istehsal edən beşinci ölkədir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir deyib.
“Milli döyüş təyyarəmiz (MMU) beşinci nəsil döyüş təyyarəsidir. Dünyada beşinci nəsil döyüş təyyarəsi istehsal edən cəmi dörd ölkə var. Biz beşinciyik. Çox iddialı dörd ölkə var, biz beşinciyik, məsələn, üç ölkə illərdir yüzlərlə təyyarə istehsal edib. İndi Koreya da bu işlə məşğuldur, müəyyən mərhələyə çatıblar, amma tariximizə nəzər salanda belə iddialı layihəyə girmək böyük işdir. Əlbəttə, təyyarələrimizlə bağlı baş verənlər ictimaiyyətin gözləntilərini də xeyli artırıb”. – nazir qeyd edib.
Onun sözlərinə görə, təkcə MMU projesi həyata keçirilmir, paralel olaraq daha bir neçə layihə var: “Amma belə iddialı bir layihə üçün qollarını çırmalamaq və prototipimizi müəyyən vaxt ərzində anqardan çıxarma mərhələsinə çatdırmaq da böyük uğurdur”.
Dəmir bildirib ki, bu tip təyyarələri istehsal edən ölkələrin inkişaf prosesinə nəzər saldıqda, qrafikin çox da qısa olmadığını, uçuşun dərhal başlamadığını görmək olar:
“Sistemə salınıb, bütün detalları sınaqdan keçiriləcək, inteqrasiya testləri olacaq, müxtəlif mərhələlərdə və şəraitdə müxtəlif rejimlərdə işə salınacaq. Uçuş-enmə zolağında işləyəcək, müəyyən parametrlər yoxlanılacaq, statik sınaqlar aparılacaq. Mühəndislərimiz artıq təhlükəsiz uça biləcəkləri hesabatını verdikdə uçuşa hazır olacaq”.
Nazir əlavə edib: “Məqsədimiz ən qısa zamanda uçmaqdır, amma 3-5 aylıq bir tarix vermirik, bir il çəkəcək bir prosesdən danışırıq”.
Dəmir qeyd edib ki, MMU projesində məqsəd beşinci nəsil təyyarə əldə etməkdir:
“Çox müasir elektron sistemlərlə təchiz edilmiş, erqonomik kabinəsi və böyük displeyli tam rəqəmsal kokpiti və üzərində elektron elementləri, radarları və radara görünməzliyi olan müdafiə sistemləri ilə bütün texnologiyalara sahib olacaq bir beşinci nəsil təyyarə planlaşdırırıq. F-16-nı bir yana qoyaq, onun F-35-ə yaxınlaşan və ya bəzi cəhətlərdən daha yaxşı tərəfləri olacaq”.