İran 7 ildən sonra Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfir təyin etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Rza Əmirini Əbu-Dabiyə səfir təyin edib.
Əmiri tezliklə yeni işinə başlamaq üçün BƏƏ-nin paytaxtına gedəcək.
XİN-in şöbə rəhbəri Rza Əmiri bundan əvvəl İranın Əlcəzair, Sudan və Eritreyadakı səfiri vəzifəsində çalışıb.
2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər terrorçuluq ittihamı ilə edam olunub. Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra Səudiyyənin Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları iranlı nümayişçilər tərəfindən yandırılıb.
Bundan sonra Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və Sudan İranla diplomatik əlaqələri kəsib, BƏƏ isə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsinə endirib və Tehrandakı səfiri Seyf Məhəmməd Übeyd əz-Zəbini ölkəsinə geri çağırıb.
İki ölkə arasında aparılan danışıqlar nəticəsində 2016-cı ildə geri çağırılan Seyf Məhəmməd Übeyd əz-Zəbi təxminən 7-lik fasilədən sonra – ötən il sentyabrın 9-da öz vəzifəsini davam etdirmək üçün Tehrana gəlib.