Türkiyənin razılığından sonra Finlandiyanın rəsmi olaraq NATO-ya üzv olması İsveç mediasında qəzəb doğurub.
Teleqraf.com xəbər verir ki, prosesin yekunlaşmasından sonra İsveç mediası hökuməti hədəfə alıb.
Hökuməti sərt şəkildə tənqid edən “Aftonbladet” qəzeti yazır: “Təbriklər, Finlandiya! Amma bizi unutmayın. Baş nazir ən mühüm vəzifəsini yerinə yetirə bilmədi”.
Məqalədə bu ifadələrə də yer verilib:
“Ulf Kristersson İsveçin Finlandiya ilə eyni vaxtda NATO-ya üzv olacağına söz vermişdi. İndi bizsiz gedirlər”.
Baş nazirin prosesi uğursuz idarə etdiyini bildirən qəzet “Kristersson divara dəydi” ifadəsini işlədib.
Təhlildə iki ölkənin üzvlük prosesinin Rusiya üçün məğlubiyyət ola biləcəyi qeyd edilib:
“Bir ildən bir qədər çox vaxt keçdikdən sonra NATO-nun Brüsseldəki qərargahında Finlandiya bayrağı dalğalandı. Finlandiya tarixi genişlənmə nəticəsində NATO-nun 31-ci üzvü oldu. Çox güman ki, İsveç çox yaxın gələcəkdə 32-ci ölkə olacaq. Təhlükəsizlik siyasəti baxımından bu, Putinin keçən il fevralın 24-də Ukraynaya işğalçı hücum əmrindən sonra Rusiya liderləri üçün ilk daimi məğlubiyyətdir”.
Nəşr bildirib ki, Rusiya NATO ilə sərhədini ikiqat artırıb:
“İllərlə dolayı təhdidlərlə Finlandiya və İsveçi NATO-ya üzv olmaqdan qorxutmağa çalışan Rusiya indi rekord müddətdə hər iki ölkəni hərbi ittifaqın qucağına atmağa müvəffəq oldu”.
Digər tərəfdən, Türkiyə xarici işlər naziri Çavuşoğlu Brüsseldə isveçli həmkarı Tobias Billströmlə görüşündə İsveçə atılacaq addımları xatırladıb.
“İsveçli həmkarım Billströmə NATO-ya daxil olmaq üçün atmalı olduqları addımları xatırlatdıq. Terrorla mübarizədə nəticəyönümlü əməkdaşlıq vacibdir”, - nazir deyib.