Finlandiya Baş naziri Sanna Marin hökumətin istefa ərizəsini Prezident Sauli Ninistöyə təqdim edib.
Teleqraf.com xəbər verir ki, Ninistö hökumətin istefa tələbini qəbul edib.
Marin hökuməti parlament seçkilərində məğlub olduqdan sonra istefaya gedib. O, yeni kabinet təyin olunana qədər müvəqqəti hökumətə rəhbərlik edəcək.
Seçkilərdə qalib gələn müxalif mühafizəkar Milli Birlik Partiyasının rəhbərliyi ilə gələn həftə yeni hökumətin qurulmasına başlanacaq.
Aprelin 2-də Finlandiya parlamentinə seçkilər keçirilib. Marinin Sosial Demokrat Partiyası 19.9 faiz səslə üçüncü olub. Milli Birlik Partiyası 20.8 faiz səslə qalib gəlib. İkinci yeri seçicilərin 20.1 faizinin səs verdiyi “Əsl Finlər” Partiyası tutub.
Yeni parlament aprelin 11-də işə başlayacaq.
Sanna Marin 2019-cu ildə 34 yaşında seçkilərdə qalib gələrək, "dünyanın ən gənc baş naziri" ünvanına sahib olmuşdu.