“Rusiya hakimiyyəti üçün Ərdoğan proqnozlaşdırıla bilən, status-kvonu saxlamaq deməkdir. Kılıçdaroğlu və ya başqa bir müxalifət namizədi qalib gəlsə, bu, Kreml üçün böyük başağrısı olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Yuri Mavaşev “BBC Türkçe”yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya mediası Türkiyədə keçiriləcək prezident seçkilərini diqqətdə saxlayır:
“Xarici media Ərdoğana mənfi münasibət bəsləyir. Rusiyanın dövlət mediası isə əksinə, Türkiyənin indiki liderinin qələbəsini arzulayır.
Putin açıq şəkildə Ərdoğandan başqa heç bir lideri tanımaq istəmir. Buna yüz faiz əminəm. Onunla daha asan, daha aydındır”.
Mavaşev bildirib ki, bunun ən mühüm səbəbi Ərdoğanla Putinin eyni dildə danışmasıdır. Ekspert qeyd edib ki, Rusiya hakimiyyəti digər prezidentliyə namizəd Kamal Kılıçdaroğlunu yaxşı tanımır, onun arxasında hansı qüvvələrin dayandığını və bu qüvvələrin nəyi təmsil etdiklərini anlamır.
Mavaşev vurğulayıb ki, Kreml və Putinin anlayışına görə, bugünkü Türkiyənin siyasi arenasında ən yaxşı variant Ərdoğandır.
Rus politoloq Suriya ilə münasibətlərin normallaşmasının Ərdoğana seçkilərdə kömək edə biləcəyini deyib:
“Rusiya hakimiyyətinin Türkiyə-Suriya münasibətlərinin normallaşmasına kömək etməsinin səbəbi də seçkilərdir. Bu, Ərdoğana seçki hədiyyəsi kimi bir şeydir”.
BBC ukraynalı siyasi ekspert Yevgeniya Qaberin fikrinə də yer verib.
“Ukrayna Prezident Ərdoğanın rəhbərlik etdiyi hökumətdən dəstək aldı: Krım da daxil olmaqla ərazi bütövlüyünə dəstək, diplomatik danışıqların asanlaşdırılması, taxıl müqaviləsi, əsir mübadiləsi, hərbi yardım, “Bayraktar” PUA-ları və digər döyüş sursatlarının verilməsi. Bunlar Ukraynada çox, çox yüksək qiymətləndirilir”, - ekspert bildirib.
Bununla belə, Qaber söyləyib ki, Ukrayna lazım gələrsə, Türkiyənin yeni hökuməti ilə də işləməkdən məmnun olardı.