Livan, Qəzza və Suriyadan atılan raketlər də daxil olmaqla, İsrailə bir həftəlik hücumlar İranın müxtəlif cəbhələrdə İsrailə qarşı strategiyasının təzahürüdür. Müxtəlif istiqamətlərdən edilən hücumların arxasında müxtəlif qruplaşmalar dayansa da, hamısının İranla əlaqəli olduğu məlumdur. Bura HƏMAS, “Hizbullah”, “İslami Cihad” və bölgədə yeni adlarla fəaliyyət göstərən və Tehrana bağlı qruplaşmalar daxildir.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti yazır.
İsrailli analitiklər İranın Yaxın Şərqdə yəhudi dövlətinə qarşı çoxcəbhəli müharibəyə başladığını iddia edirlər.
Nəşrin fikrincə, İran uzun müddətdir İsraillə münaqişəsini yəhudi dövlətinin sərhədlərinə çatdırmağa çalışır:
“Onilliklər ərzində “Hizbullah” və HƏMAS-ı dəstəkləməsi bu strategiyanın açarıdır. Məsələn, Tehran HƏMAS-ı maliyyə ilə təmin edir, həmçinin ona uzaqmənzilli raketlər verərək, daha böyük arsenal hazırlamaqda kömək edir. HƏMAS-ın raketləri vaxtilə cəmi bir neçə km gedə bilirdisə, indi İsrailin əksər bölgələrinə çata bilir.
İndi İslam Respublikası HƏMAS-dan daha çox ona bağlı olan “İslami Cihad”ı dəstəkləyir. Bu qruplaşma nəinki minlərlə raketi ehtiva edən arsenala malikdir, həm də İordan çayının qərb sahilində silahlı şəxsi heyətə malikdir və onun rəhbərliyi tez-tez Dəməşqdə olur.
“Hizbullah” İranın regiondakı əsas müttəfiqlərinin ən böyüyüdür. Hələ 1980-ci illərə qədər bünövrəsi olan bir təşkilat şahdan sonrakı islam rejimi tərəfindən də dəstəkləndi və Livanın cənubunda öz varlığını qura bildi. Bu Livan terror qruplaşmasının gücü o vaxtdan bəri eksponent olaraq artıb. Bu qruplaşma nəinki 100 000-dən çox raket arsenalına malikdir, həm də dəqiq idarəolunan döyüş sursatları kimi daha mürəkkəb sistemlər əldə edib. HƏMAS-la yanaşı, İsraili hədəfə almaq və sahillərdə aparılan enerji kəşfiyyatını təhdid etmək üçün istifadə etdiyi dronları da var”.
“Yerusəlim Post” HƏMAS-ın “Hizbullah”ın icazəsi ilə Livandakı fəaliyyətini də gücləndirdiyini bildirir:
“HƏMAS lideri İsmayıl Haniyənin aprelin 5-də, oradan İsrailə 34 raket atılmasından bir gün əvvəl Livana uçması burada öz varlığını necə artırdığını göstərir. HƏMAS “Hizbullah”la koordinasiya olmadan Livanın cənubundan raket ata və ya fəaliyyət göstərə bilməz.
Aprelin 6-da İsrailə raketlər Tir yaxınlığından atılıb. Bura “Hizbullah”ın mövcud olduğu ərazidir. Keçən il “Hizbullah” BMT-nin irlandiyalı sülhməramlısını Livanın şimalındakı Əl-Əqbiyə şəhərində öldürmüşdü. 2021-ci ilin mayında həmçinin Tirdən İsrailə raketlər atılmışdı.
“Hizbullah” son illərdə xaricdəki əməliyyatlarını artırıb. Bura Qərbi Afrika və Cənubi Amerikaya qədər uzanan şəbəkələr daxildir. Ən mühüm gəlişmə isə onun Suriyada 2012-ci ildə Suriya rejiminə dəstək məqsədilə başlayan əməliyyatlarıdır. Məlumata görə, “Hizbullah” qüvvələrini Qolan yaxınlığındakı ərazilərə köçürüb.
2019-cu ildə “Hizbullah” hətta yəhudi dövlətini təhdid etmək üçün bu əraziyə pilotsuz təyyarələr də gətirib. Amma təhlükə zərərsizləşdirilib.
İranın İsrailə qarşı təhdidlərinin digər elementləri arasında Suriya və İraqdakı yaraqlılar da var. Bunlara İraqda yerləşən “Xalq Səfərbərlik” Birlikləri, onların “Kətaib Hizbullah” və “Əsaib Əhli əl-Həqq” kimi qruplaşmaları daxildir. İran 2021-ci ilin mayında İraqdan İsrailin hava məkanına pilotsuz uçan aparatla müdaxilə edib. Həmçinin ötən həftə Suriyadan İsrailə pilotsuz təyyarə atıb”.
İsrail nəşri vurğulayır ki, İranın çoxcəbhəli müharibə ideyası yeni deyil:
“İran son aylarda İsrailin daxildən “dağıldığını” iddia və təhdidlərini artırmaq istəyinə işarə edir. İran İslam İnqilabı Keşikçiləri Korpusu bazar günü bildirib ki, bu il onun gücü İsraillə müqayisədə artacaq. “Qüds” Briqadası da 2022-ci ilin mayında çoxcəbhəli müharibə təhlükəsinə hazırlıq məqsədilə təlimlər keçirib. Onların iddiasına görə, müharibə durumunda İsrailin düşmənləri yəhudi dövlətinə gündə 1500 raket atacaqlar.
Çoxcəbhəli müharibə ideyası çərçivəsində İran Suriyada da möhkəmlənir. Vaxtilə İsraili Livanda “Hizbullah”, İordan çayının qərb sahilində və Qəzzada “İslami Cihad”, Qəzzada isə HƏMAS-dan istifadə etməklə hədələyirdi. İsrail çoxdan “Cihad” və HƏMAS-ın təhdidlərini zərərsizləşdirmək üçün əməliyyatlara başlayıb. Keçən ildən bəri həmçinin Cenində və yəhudi dövlətinə qarşı cəsarətlənən digər Fələstin qruplaşmalarının silahlıları ilə mübarizə aparır.
İsrail bu təhdidləri təcrid etməyə və ya heç olmasa bu münaqişələri idarə etməyə çalışır. Bu çərçivədə əsasən İran təhlükəsinə fokuslanıb. Artıq İranın Suriyada möhkəmlənmək səylərini məhdudlaşdırıb. Bu əməliyyat “Müharibələrarası Müharibə” adlanır. Bu çərçivədə bir neçə ildir Suriyadakı ərazilərə çoxsaylı hava hücumları həyata keçirilib. Bu, 2018-ci ildə Suriyada keçirilən “Kart Evlər” kimi böyük əməliyyatları da əhatə edib. 2019-cu ildə Suriyada “İslami Cihad” da hədəfə alınıb”.
Qəzet yazır ki, bütün bunlara baxmayaraq, İran təhlükəsi aradan qalxmayıb, öz tərəfdaşları və müttəfiqləri ilə son bir həftə ərzində İsraillə çoxcəbhəli münaqişəyə başlayıb:
“Aprelin 1-də İran dronla İsrailə qarşı əməliyyat keçirməyə çalışdı, aprelin 5-dən 7-dək Qəzzadan raket atəşi oldu, aprelin 6-da Pasxa bayramında Livandan İsrailə 34 raket atıldı. Bundan əlavə, aprelin 8--9-da Suriyadan raket atəşi oldu. İordan çayının qərb sahilindən hücum edildi, aprelin 3-də Qəzzadan bir pilotsuz təyyarə atıldı.
Beləliklə, İranın dəstəklədiyi qruplaşmalar İsraili müxtəlif bölgələrdən təhdid etməyə çalışır. Belə bir az müddətdə Livan və Suriyadan bu qədər raketin atılması görünməmiş hadisədir. 2006-cı ildən Livanla sərhəddə sülh hökm sürür. İndi İran nümayiş etdirir ki, istədiyi vaxt müxtəlif qruplaşmalardan istifadə edərək istənilən sərhədi qızışdıra bilər”.