ABŞ və Hindistan yaxın müddətdə birgə hərbi təlim keçirəcək. Bu təlimlərə Yaponiya da dəvət olunub. Təlimlər Çinin Hindistana artan təzyiqi ilə bağlıdır. Vaşinqton Çin-Hindistan qarşıdurmasında Dehlini dəstəkləyir. Bundan başqa, Hindistan ABŞ, Avstraliya və Yaponiyanın üzv olduğu QUAD birliyinin üzvüdür.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertləri deyirlər ki, Hindistan dünyada ən çox xarici silah və hərbi texnika alan ölkələrdəndir:
“Buna görə də Hindistan hərbi təlimlərdə aldığı bütün hərbi texnikadan, o cümlədən “Rafale” (Fransa) və SU-30 təyyarələrindən (Rusiya) istifadə edəcək.
Hindistanla Çin arasındakı sərhəddə gərginlik 1962-ci ildən başlayıb. Toqquşmalar nəticəsində Çin sərhədin 38 min kilometrini nəzarətə götürüb. Hindistan həmin ərazinin işğal edildiyini iddia edir. Çinin mərhum lideri Mao Tzedun Hindistanın Tibetdən qaçan Dalay Lamaya sığınacaq verməsindən narazı idi. Sonrakı illərdə münasibətlərdəki gərginlik nisbətən azalsa da, tərəflər sərhədin dağlıq hissəsini aralarında müəyyənləşdirə bilmədilər.
Müxtəlif illərdə Çinin hazırkı lideri Si Cinpin Dehlidə, Hindistan Baş naziri Narendra Modi isə Pekidən rəsmi səfərlərdə olub. Ancaq bu səfərlər və aparılan danışıqlar mübahisəni həll etməyib. Sərhədin Himalay dağları hissəsində qoşun biliklərinin sayı artıb. 2020-ci ildə baş verən qarşıdurma zamanı hər iki tərəfdən ölənlər olub. Bundan sonra Hindistanla Çinin birgə iqtisadi layihələri reallaşmayıb”.
Təhlildə qeyd olunur ki, Çin bölgədə hərbi gücünü artırdığına görə, Dehli müttəfiqləri ilə birgə hərbi təlimlərə üstünlük verir:
“Buna baxmayaraq, Dehli xarici siyasətdə Vaşinqtondan asılı olmaq istəmir. Dehli balanslı xarici siyasətdən imtina etməyib. QUAD hərbi blok deyil. Dehli Moskva ilə tərəfdaşlıqdan imtina etməyib. Hindistan Rusiya və Çinlə birgə Şanxay Əməkdaşlıq Təşkilatının, o cümlədən BRİKS-in üzvüdür. Ancaq bu birliklər Çinlə Hindistan arasındakı mübahisələri həll edə bilməyib.
Kreml Rusiya-Çin-Hindistan üçlü ittifaqının formalaşmasına çalışsa da, bu alınmadı. Bu ideya Rusiyanın keçmiş xarici işlər naziri Yevgeni Primakova məxsusdur. Dehli Çinlə müxtəlif birliklərdə iştirak etsə də, Pekindən qorunmaq üçün Qərblə əməkdaşlığın inkişafında maraqlıdır”.