11 Aprel 2023 11:37
1 816
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən biri və Vaşinqtondan ən çox yardım alan dövlətlərdən biri Misirin Prezidenti Əbdülfəttah əl-Sisi bu yaxınlarda öz tabeliyində olanlara Rusiyaya gizli göndərilmək üçün 40 000-ə qədər raket istehsal etməyi əmr edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazır.

Nəşr bu barədə ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) məxsus onlayn məxfi sənədləri ələ keçirib.

Sənədlərdə Sisi ilə yüksək rütbəli Misir hərbi rəsmiləri arasında söhbətlər yer alır, burada Rusiyaya artilleriya mərmiləri və barıt tədarükü planlarından bəhs edilir. Misir prezidenti rəsmilərə göstəriş verib ki, Qərblə problem yaranmaması üçün raketlərin istehsalı və göndərilməsini sirr saxlasınlar.

Misir Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Əhməd əbu Zeyd sənəd və orada yer alan danışıqlarla bağlı sualı cavablandırarkən deyib ki, rəsmi Qahirənin əvvəldən mövqeyi bu böhrana müdaxilə etməmək və hər iki tərəflə bərabər məsafə saxlamaqla bağlıdır.

“Biz hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa və danışıqlar yolu ilə siyasi həllə nail olmağa çağırmaqda davam edirik”, - Misir rəsmisi bildirib.

Məxfi məlumatlara görə adının açıqlanmasını istəməyən ABŞ hökumət rəsmisi raket ixracı təşəbbüsünə toxunaraq belə deyib:

“Bu planın həyata keçirilməsindən xəbərimiz yoxdur. Bunun baş verdiyini görməmişik”.

Amerika nəşri qeyd edir ki, Rusiyanı Ukraynaya qarşı silahlandırmaq Misir üçün potensial “partlayıcı addım” olardı: “Misir Moskva ilə əlaqələrini dərinləşdirməsinə baxmayaraq, hələ də Amerika ilə tərəfdaşlığına böyük sərmayə qoyur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər