ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məxfi sənədlərinin mediaya sızdırılması bir çox gizli məqamların üzə çıxmasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, İngiltərənin “Teleqraf” qəzeti keçən il sızdırılmış sənədlərdə təhlükəli bir detalı oxucuları ilə bölüşüb.
Məlumata görə, ötən il Rusiyanın “Su-27” qırıcı təyyarəsinin pilotu mərkəzdən verilən əmrini səhv başa düşərək, Böyük Britaniyanın müşahidə təyyarəsinə doğru raket zərbəsi endirib. Amma həmin vaxt təyyarədə yaranan texniki xəta böyük böhranın qarşısını alıb. Pilot raketi atmağa çalışsa da, buraxılış baş tutmayıb.
Ötən il sentyabrın 29-da Qara dənizdə baş vermiş insidentlə tanış olan iki ABŞ hərbi rəsmisi həmin vaxt hadisənin çox ciddi qəbul edildiyini, müharibəyə səbəb olacağını deyib. Rəsmilərdən biri hadisəni “həqiqətən qorxunc” adlandırıb.
Rəsmilər bildiriblər ki, Britaniyaya məxsus “RC-135 Rivet Joint” adlı 30 nəfərlik müşahidə təyyarəsi həmin vaxt “Su-27” pilotu ilə idarəetmə mərkəzi arasındakı rabitə əlaqəsini dinləyib.
Kral Hərbi Hava Qüvvələrinin (RAF) sözçüsü mövzu ilə bağlı açıqlama verməkdən imtina edərkən, hadisə İngiltərə mətbuatında əks-səda doğurub.
Britaniya müdafiə naziri Ben Uolles ötən ilin oktyabrında Rusiya qırıcısının Britaniya təyyarəsi yaxınlığında raket atdığını açıqlamış və Kremlin bunun “texniki nasazlıq” olduğunu bildirdiyini demişdi.