“İran üzləşdiyi ağır durumuna baxmayaraq, qonşu ölkələrin daxili işlərinə qarışmaqdan vaz keçmir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert İran-Azərbaycan gərginliyindəki son gəlişmələrə diqqət çəkib:
“İranın ali dini lideri Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla müharibəyə hazırlaşmadıqlarını bu sözlərlə izah edib: “İslam inqilabından sonra İran 15 qonşu ölkədən heç birinə hücum etməyib, müharibəyə başlamayıb və başlamayacaq”.
Vilayəti haqlıdır, Qərbin sərt sanksiyalarıyla və daxildə müxtəlif etnik qrupların tələbləriylə üzləşən, insanların rejimdən narazılıqlarını və etirazlarını artan ölüm cəzalarıyla həll etməyə çalışan, istisadiyyatı sabitləşdirə bilməyən İranın hazırkı vəziyyətdə hansısa dövlətlə müharibəyə başlamaq kimi lüksü yoxdur. Buna baxmayaraq, bu ağır vəziyyətdə belə İran qonşu ölkələrin daxili işlərinə qarışmaqdan vaz keçmir.
İran Suriya, Livan, İraq, Yəmən, o cümlədən Azərbaycanda müxtəlif qrupları maliyyələşdirir, bəzilərini silahlandırır, şəbəkələr yaradır. Bu qonşularla müharibə anlamına gəlməsə də, İranın qonşu ölkələrin daxili işlərinə qarışmasıdır ki, bölgədə vəziyyətin sabitləşməsinə mane olur”.