Yevgeni Priqojin və Rusiya Müdafiə Nazirliyi arasındakı gərginliyə baxmayaraq, nazirlik Baxmutu ələ keçirmək üçün “Vaqner” qrupu ilə daha sıx əməkdaşlıq etməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
“Son bir neçə həftə ərzində Rusiya hərbi komandanlığı Baxmutun ələ keçirilməsini sürətləndirmək məqsədilə “Vaqner”lə daha sıx əməkdaşlıq etməyə başlayıb”, - məlumatda bildirilir.
ISW hesab edir ki, bunu Rusiya Hava Desant Qoşunlarının komandanı, general Mixail Teplinskinin cəbhəyə qayıtması da sübut edə bilər.
Amerikalı ekspertlərin fikrincə, Baxmutda Rusiya 106-cı hava-desant diviziyasının bölmələri fəaliyyət göstərir. Məlumata görə, Rusiyanın hərbi rəhbərliyi “Vaqner”ə daha müasir döyüş vasitələri ayırmağa başlayıb. Artıq “vaqnerçilər” Baxmut istiqamətində T-90 tanklarından istifadə edirlər.
Eyni zamanda, ISW böyük itkilərə görə Teplinskinin Hərbi Hava Qüvvələrini “elitar qüvvə” kimi əvvəlki statusuna qaytara biləcəyinə şübhəylə yanaşır.
General Teplinski Moldovanın Dnestryanı bölgəsinin işğalında, Rusiya-Çeçenistan və Suriya müharibələrində iştirak edib. 2022-ci ilin iyununda hava-desant qoşunlarının komandiri təyin olunub.
Bu ilin yanvarında Böyük Britaniya kəşfiyyatı Teplinskinin postundan qovulması barədə məlumat verib. Kəşfiyyata görə, bu, yuxarı iyerarxiyada uzunmüddətli fikir ayrılıqlarının əlamətidir.
Dünən Britaniya Müdafiə Nazirliyi Teplinskinin cəbhəyə qaytarıldığını açıqlayıb. Ehtimala görə, general rus qoşunlarının idarə edilməsində ciddi rol oynayacaq.