Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra ABŞ və Avropa İttifaqının sərt sanksiyaları ilə üzləşib. Kremlin qazanc mənbələri və valyuta ehtiyatları azalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilir.
Mərkəzin ekspertləri deyirlər ki, Kreml bu səbəbdən bir sıra ölkələrlə iqtisadi və ticarət mübadiləsində dollardan deyil, milli pul vahidlərindən istifadəni təklif edib:
“Kreml bu mövzuyla bağlı Pekin, Ankara və digər paytaxtlarla danışıqlar aparıb. Danışıqlarda şifahi razılaşmalar əldə olunsa da, ticarət mübadiləsində dollardan imtina asan məsələ deyil. Dollarla ticarət uzun onilliklərdir formalaşıb.
Buna baxmayaraq, Braziliya Prezidenti Lula da Silva da, Kermlə qoşularaq beynəlxalq ticarətdə dolların üstünlüyünə qarşı çıxış edib. O, ticarəti milli valyutalarda inkişaf etdirmək və yeni maliyyə alətləri yaratmaq barədə təklif irəli sürüb. Braziliyanın solçu prezidenti çıxışlarının birində belə deyib: “Niyə ticarətdə bütün ölkələr dollara bağlanmalıdır? Niyə biz bunu valyutalarımıza bağlaya bilmirik? Ümumiyyətlə, kim belə qərara gəldi ki, qızıl standartından imtina etdikdən sonra valyuta yuan, real və ya peso deyil, dollar olmalıdır?”.
Lula da Silva BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında hesablaşmalarda dollara alternativ üzərində düşünməyi təklif edib. Bununla bel, bunun çətin və çoxları üçün qeyri-adi olduğunu etiraf edib və bu məsələdə tələsməməyi vurğulayıb.
Braziliya prezidenti dollardan imtina mövzusunu Çinə səfər zamanı da müzakirə edib. Pekin də bu mövzunun müzakirəsində maraqlıdır. Çin Braziliya kimi ticarət mübadiləsində dollardan imtinanın tərəfindədir.
Ümumiyyətlə, Braziliya prezidenti Çinə səfərindən məmnun qalıb. İki ölkənin enerji şirkətləri arasında əməkdaşlığın vacibliyindən danışan Lula da Silva Pekinlə yanaşı, Şanxayda da olaraq böyük şirkətlərin ofislərində görüşlər keçirib”.
Təhlildə qeyd olunur ki, da Silva ilə Çin lideri Si Cinpin 13 saziş imzalayıb:
“İki ölkə arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlıq imkanları araşdırılıb. Çin Braziliyanın kənd təsərrüfatının inkişafında əsas dövlətlərdən biridir. Digər tərəfdən, Çin Brazliyanın yenidən sənayeləşməsində önəmli rol oynayır. Braziliyanın Çinə ixracı ABŞ və Arvopa İttifaqına ixracdan daha çoxdur.
ABŞ Braziliya ilə Çinin yaxınlaşmasından, o cümlədən Pekinin dəstəyi ilə bir sıra dövlətlərin ticarət mübadiləsində dollardan imtina siyasətindən narahatdır. Pekin Rusiya və Braziliya kimi ölkələrlə birgə ABŞ-ın illərdir formalaşdırdığı birqütblü dünyanı zəiflətməyə çalışır. Birqütblü dünyanın zəiflədilməsinin əsas istiqamətlərindən biri ticarətdə dollardan imtinadır”.