Ukrayna hərbi qüvvələri son sutka ərzində Rusiya ordusunun 70-dən çox hücumunun qarşısını alıb. Ruslar Kupyan, Liman, Baxmut, Avdiv və Marin istiqamətlərində hücumlarını davam etdirirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baxmut və Marin döyüş əməliyyatlarının episentrində qalır.
Rusiya qoşunları Kupyan istiqamətində Sinkivka yaxınlığında hücuma keçməyə cəhd göstəriblər, amma uğursuz olub. Rusların Liman istiqamətindəki hücum səyləri də nəticə verməyib.
Baxmut şəhəri uğrunda döyüşlər səngimir. Rusiya qüvvələri bu istiqamətdə İvanovsk və Predteçin rayonlarına hücum etsə də, bu səyləri nəticəsiz bitib.
Avdivdə isə Novokalinovı, Severnoy və Pervomaysk rayonlarına uğursuz hücum cəhdləri qeydə alınıb.
Marin şəhəri ərazisində Rusiya ordusunun çoxsaylı hücumları dəf edilib.
Eyni zamanda, Ukrayna aviasiyası Rusiyanın şəxsi heyəti və hərbi texnikalarının cəmləşdiyi ərazilərə 12 zərbə endirib. Rusların “Merilin” tipli kəşfiyyat PUA-sı da vurulub
Raket qoşunları və artilleriya bölmələri rusların canlı qüvvəsinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi iki ərazini, eləcə də 1 radioelektron döyüş stansiyasını vurub.