“Ukrayna Müdafiə Qüvvələri peşəkar rus ordusunun şəxsi heyətini xeyli zəiflədib”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəisi, ordu generalı Mikola Malomuj deyib.
Onun sözlərinə görə, son iki ayda Rusiyanın təxminən altı briqadası məhv edilib.
“Bu gün biz rus ordusunun əsas peşəkar qüvvələrini və vasitələrini xeyli zəiflətdiyimizdən danışa bilərik. Deyə bilmərəm ki, məhv edilib, amma mütləq zəifləyib. Silahlı Qüvvələr hər gün 500-dən 1100-ə qədər işğalçını məhv edir. İki ay ərzində altıya qədər briqada sıradan çıxarılıb. Bunlar xüsusi təyinatlı briqadalardır. Əslində, söhbət rus ordusunun elit bölmələrindən gedir. Onlar bu gün praktiki olaraq yoxa çıxıblar”, - Malomuj bildirib.
Ordu generalı qeyd edib ki, Rusiya ordusunun elit qoşunları məhv edilsə də, Rusiya hələ də təcavüzkar müharibəni davam etdirmək potensialına malikdir.
“Rusiya ordusunun elit qoşunlarının 70-80 faizi məhv edilib. Bununla belə, düşməni zəif qiymətləndirmək olmaz. Rusların hələ də gücü və vasitələri var. Ona görə də təkcə rusların özləri üçün müəyyən etdikləri prioritet istiqamətləri nəzərə almırıq. Bütün ərazimizi azad etmək üçün bütün istiqamətlərdə bütün vasitələrdən istifadə edəcəyik”, - Malomuj vurğulayıb.