ABŞ-da ilk dəfə olaraq Miçiqan ştatının Dirbörn şəhərində Ramazan bayramının ilk günü rəsmi dövlət bayramı kimi qeyd olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Dirbörn şəhərinin bələdiyyə sədri Abdulla Həmmud açıqlama verib.
“İlk dəfədir, bir bələdiyyə Ramazan bayramında tətil elan edir, sizin inancınız da digərləri kimi rəsmi şəkildə tanınır. Hesab edirəm ki, bu, böyük əhəmiyyət kəsb edir”, - Həmmud bildirib.
2021-ci ildə Dirbörnün ilk müsəlman bələdiyyə sədri seçilən Livan əsilli Abdulla Həmmud müsəlman icmasının doğulub boya-başa çatdığı şəhərin bir parçası olduğunu ilk dəfə bu bayramda hiss edəcəyini deyibn.
Qəbul edilən qərarla ABŞ-da ilk dəfə olaraq bir bələdiyyənin bütün işçilərinə Ramazan bayramının ilk günü ödənişli məzuniyyət veriləcəyi, məhkəmələr və kitabxanalar kimi rəsmi qurumların isə bağlanacağı bildirilib.
Bayramın ikinci günündə Dirbörn Şəhər Şurasının təşkilatçılığı ilə pulsuz Ramazan bayramı festivalı keçiriləcəyi də açıqlanıb. Dirbörn ABŞ-da ən çox müsəlman sakinləri olan şəhər kimi tanınır. Şəhərin 110 000-ə yaxın əhalisinin təxminən yarısının ərəb mənşəli olduğu məlumdur.