Aprelin 15-də Sudanda hökumətə bağlı Silahlı Qüvvələr və hakimiyyətə iddialı Çevik Hərəkat Qüvvələri (ÇHQ) arasında başlayan qarşıdurma atəşkəsə baxmayaraq davam edir.
Teleqraf.com xəbər verir ki, ÇHQ ötən gün Ramazan bayramı ilə əlaqədar birtərəfli 72 saatlıq atəşkəs elan etmişdi.
Beynəlxalq ictimaiyyətin çağırışları nəticəsində ordu atəşkəsə əməl edəcəyini açıqlamışdı. Amma atəşkəs uzun sürməyib.
Ötən gecə paytaxt Xartum və ətrafında şiddətli qarşıdurmalar yaşanarkən, bir çox yaşayış binası da bir-birləri ilə döyüşən qüvvələrin hədəflərinə tuş gəlib.
Toqquşma başlayandan indiyədək həyatını itirənlərin sayı 450, yaralananların sayı isə 3500 nəfəri ötüb. Xartum Beynəlxalq Hava Limanı və ətrafında baş verən qarşıdurmalarda anqarlarda olan sərnişin təyyarələri də hədəfə alınıb.
Hökumət qüvvələri Xartumda iğtişaş yerlərinin mərhələli şəkildə təmizləndiyini açıqlayıb.
Qarşıdurmanın böyüməsindən sonra Türkiyə, ABŞ, Rusiya, Avropa Birliyi və digər dövlətlər Sudandakı vətəndaşlarını təxliyə etməyə başlayıb.