24 Aprel 2023 18:52
1 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cabbarovanın bir müddət əvvəl Hindistana işgüzar səfəri beynəlxalq medianın diqqət mərkəzində olub. Cabbarova hindistanlı həmkarı Minakşi Lexi və baş nazirin milli təhlükəsizlik üzrə müşavirinin müavini Vikram Misri ilə görüşüb. Dehlidə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi, ticarət, iqtisadi, elmi-texniki, sənaye və mədəni əməkdaşlıq üzrə hökumətlərarası Ukrayna-Hindistan komissiyasının işinin bərpası müzakirə edilib. Cabbarovanın sözlərinə görə, görüşlər zamanı Hindistan hökumətini Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh formulunu dəstəkləməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertlərinin fikrincə, Kiyev Çinin Rusiya ilə strateji tərəfdaşlığını gücləndirməsindən narahatdır:

“Çinin Fransadakı səfiri Lou Şaye Fransanın LCI telekanalına Krımı “rus ərazisi” adlandırması Kiyevin Pekinin siyasəti ilə bağlı narahatlığını artırıb. Çin səfiri, ümumiyyətlə, müstəqil keçmiş sovet ölkələrinin “beynəlxalq hüquqda effektli status”unun olmadığını da deyib. Çinli diplomatın sözlərinə görə, müstəqilliyini qazanan dövlətlərin “suveren ölkə statusunu reallaşdıracaq heç bir beynəlxalq müqavilə” yoxdur. Şayenin “məntiq”inə görə, Ukrayna, Gürcüstan, Azərbaycan və SSRİ-nin tərkibində olan digər keçmiş respublikaların müstəqilliyi “nominal xarakter” daşıyır.

Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko çinli diplomatın açıqlamasına sərt reaksiya verib. Ukraynalı diplomatı deyib ki, çinli həmkarının coğrafiya ilə bağlı problemləri var. Ukrayna səfiri çinli həmkarının açıqlamasının Pekinin Ukraynanın ərazi bütövlüyünü tanımasıyla bağlı siyasətinə zidd olduğunu söyləyib.

Çin müdafiə naziri Li Şanfunun bir müddət əvvəl Moksvaya iki günlük səfəri zamanı rusiyalı həmkarı Sergey Şoyqu ilə müzakirə aparması, Kreml sahibi Vladimir Putinlə görüşü də Kiyevin diqqətini çəkib. Buna görə də Kiyev Çinin bölgədəki rəqibləriylə əməkdaşlığı gücləndirməyə qərar verib. Bu rəqiblərin başında Hindistan gəlir. Dehli neytral xarici siyasət yürüdür. Pekin Rusiya və Ukrayna arasında vasitəçilik təklif edərkən, Dehli bu məsələlərə qarışmır. Dehli də Pekin kimi müharibənin başa çatmasını istəyir, ancaq bunun üçün xüsusi fəallıq göstərmir”.

Təhlildə vurğulanır ki, Ukrayna Yaponiya kimi, Hindistan Baş naziri Narendra Modinin də Kiyevə səfər etməsini istəyir:

“Bu səfərin reallaşması problematikdir. Çünki Modi Kiyevə səfər edib Moskvaya getməsə, bu, Hindistanın neytrallığının pozulması demək olacaq. Dehli neytrallığının pozulmasını istəmir. Digər tərəfdən, Modi həm Kiyevə, həm də Moskvaya səfər edərsə, Çin lideri Si Cinpin kimi müharibənin dayandırılmasıyla bağlı hansısa açıqlamalar verməli, plan təklif etməlidir. Pekinin 11 maddəlik planı var, Dehlinin isə belə bir planı yoxdur.

Vaşinqton da Dehlinin Ukraynanın mövqeyini fəal müdafiə etməsini istəyir. Dehli son illərdə ABŞ-la tərəfdaşlığını gücləndirib. Hindistan Rusiyadan müəyyən silah növləri alsa da, ABŞ və Avropa ölkələrinin hərbi texnikasına daha çox maraq göstərir. Buna rəğmən, Dehli Moskva ilə də dialoqu davam etdirməyə üstünlük verir. Hindistan xarici işlər naziri Subramanyam Cayşanxar Qərbin ölkəsinin Ukrayna ilə bağlı mövqeyilə barışmalı olduğunu bildirib. Bu o deməkdir ki, Dehli Ukrayna müharibəsiylə bağlı sülh çağırışlarından başqa daha fəal siyasət yürütməyəcək”.

Mərkəzin ekspertləri deyirlər ki, müharibəyə qədər Ukraynada minlərlə tələbə təhsil alırdı:

“Müharibə başladıqdan sonra tələbələrin mütləq əksəriyyəti geri qayıtdı. Müharibənin getdiyi şəhərlərin bir qismində hindli tələblərin geri qayıdışı çətinləşmişdi. Onlar üçün ciddi təhlükə yaranmışdı. Dehli Moskva ilə danışıqlar nəticəsində mühasirəyə düşən tələbələrinin geri qayıdışını təmin etdi. Müharibənin bitməsilə Kiyev hindli tələbələrin yenidən Ukraynada təhsil almasını istəyərdi. Bunun reallaşması yalnız müharibə bitdikdən sonra mümkündür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər