25 Aprel 2023 23:36
2 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uçuş rekordu qıran Ukrayna PUA-sı Moskvaya 30 km yaxınlaşmışdı. Bu, Rusiya paytaxtına yaxınlaşan ilk dron deyil. Amma indiki qədər yaxınlaşmaq mümkün olmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın UNIAN agentliyi yazır.

Məqalədə qeyd edilir ki, iki ay əvvəl də oxşar PUA Rusiyanın paytaxtına 110 km yaxınlaşmışdı.

Bir həftə əvvəl Moskvadan 200 km aralıda qeydiyyat nişanları olmayan dron aşkar edilib. Tula bölgəsində düşüb. Rusiya mənbələri bunun partlayıcılarla dolu Ukraynaya məxsus TU-141 “Stric” PUA-sı olduğunu iddia edirlər. UNIAN isə bildirir ki, rusların da arsenalında belə bir modifikasiya var, ona görə də ya özləri panikaya düşüblər, ya da bilərək belə məlumat yayırlar. Ukrayna sərhədindən düşdüyü yerə qədər pilotsuz təyyarələr iki bölgənin hava məkanından keçməli idi.

Ötən bazar günü bir qadın Moskvanın şərqindəki meşəlik ərazidə dron tapıb. Rusiya mediası bildirir ki, dron 17 kq trotil daşıyıb. PUA vurulmayıb, elektrik naqillərinə ilişərək düşüb. Məlumata görə, bu, Ukrayna şirkəti tərəfindən istehsal olunan UJ-22 dronudur. Bu dronlar 800 km uça bilir. Bu dronun haradan buraxıldığı hələlik məlum deyil: Ukrayna məlumatı nə təsdiq, nə də təkzib edib.

Ukraynanın öz istehsalı olan dronların Moskvaya çata bilməsi isə sirr deyil. Bundan əvvəl Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukrayna ordusunun arsenalında 3000 km-dən çox uça bilən PUA-ların olduğunu açıqlayıb.

Hərbi ekspert Aleksandr Kovalenko Ukraynanın pilotsuz təyyarələrinin Rusiyanın paytaxtına hücumlarının uğurlu olacağına şübhə etmir:

“Rusların hava hücumundan müdafiə ilə bağlı problemləri var. Kiçik ölçülü obyektləri, məsələn, PUA-ları vurmaq üçün qısamənzilli komplekslərdən istifadə olunur. Cəbhədə çoxsaylı belə komplekslər məhv edilib və ya zədələnib. Artıq istehsal edə bilmirlər.

Rusiyanın müxtəlif bölgələrindəki neft bazalarına, hərbi obyektlərə, kəşfiyyat sistemlərinə təsadüfən rəsmi mənşəyi məlum olmayan uçan obyektlər düşüb. Moskva ətrafında belə obyektlər hələ də çoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər