Rusiya qoşunları üç istiqamətdə aktiv hücum əməliyyatları aparır: Baxmut, Avdiv və Marin.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna Müdafiə Qüvvələri cəbhənin bu ərazilərində rusların 39 hücumunu dəf edib. Ən şiddətli döyüşlər Baxmut və Marin uğrunda gedir.
Rusiya ordusu əsas diqqəti Baxmutun tam ələ keçirilməsinə yönəldib. Amma rusların bu istiqamətdə Boqdanivka, Xromov və Klişçivka yaşayış məntəqələrinə hücumları uğursuzluqla başa çatıb.
Rusiya qüvvələri Avdiv istiqamətində Severna və Pervomaysk rayonları yaxınlığında hücum əməliyyatları keçirib, amma nəticəsiz olub.
Ukrayna ordusu Marin şəhəri istiqamətində də Rusiya qoşunlarının çoxsaylı hücumlarının qarşısını alıb.
Bundan başqa, Ukrayna aviasiyası rusların bir sıra hədəflərini vurub, şəxsi heyəti və hərbi texnikalarının cəmləşdiyi 6 əraziyə, həmçinin zenit-raket kompleksinə zərbə endirib. Həmçinin iki müxtəlif tipli kəşfiyyatçı pilotsuz uçan aparatını məhv edib.
Raket qoşunları və artilleriyaçılar da Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi 4 ərazini, həmçinin radiolokasiya stansiyasını vurub.