Türkiyədə yaşayan erməni əsilli keçmiş futbolçu Minas Asa seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bir müddət prezidentlə futbol oynayan və eyni dövrdə rəqib komandalarda yer alan “Ərəb” ləqəbli Asa erməni icması olaraq Ərdoğanın yanında olduqlarını deyib.
Prezident Ərdoğana müraciət edən keçmiş futbolçu bildirib:
“Ölkəmizdə baş verən son hadisələr və ölkəmizə beynəlxalq təzyiqlər qarşısında Türkiyənin sizin liderliyiniz altında birlik və həmrəyliyinə inandığımı bir daha ifadə etmək istəyirəm”.
Asa vaxtilə Ərdoğanla qarşılaşdığı matçda yaşadıqlarından da danışıb. Onun sözlərinə görə, Ərdoğan diqqətçəkən hücumçu olub. Sürəti və qolla nəticələnın gözlənilməz zərbələri ilə diqqət çəkib. Dediyinə görə, rəqib komandalar onu xüsusi diqqətdə saxlayıblar.
Asa Prezident Ərdoğanla 47 ildən sonra bir proqramda görüşdüklərini söyləyib:
“Prezident Ərdoğan sədaqətlidir, sədaqətin özüdür. Məni dərhal tanıdı. Dedi ki, kökəlmisən. Bir arzumun olub-olmadığını soruşdu”.
Asa erməni əsilli Türkiyə vətəndaşı olmaqdan qürur duyduğunu bildirib:
“Öz vətəndaşlarımdan daha çox diqqət gördüm, sevildim. Bazara gedəndə əsnaf məndən pul almırdı. Siz bütün vətəndaşlarımızın liderisiniz, ona görə də ölkəmizin birliyinə, həmrəyliyinə olan inamımızı davam etdirmək üçün sizinlə olacağıq”.
Qeyd edək ki, gəncliyində bir dönəm Türkiyə liderinin peşəkar futbol karyerası olub.