Ukraynada müharibənin uzanması Kremlin planına daxil deyildi. Rusiyanın “ildırımsürətli müharibə” planının iflasa uğraması və Qərbin Ukraynaya hərbi yardımı müharibənin uzanmasına səbəb oldu.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitik təhlilində deyilir.
“Kremlin sürətli müharibə planı iflasa uğradı. Kremlin Ukraynaya nəzarət etmək və bu dövləti məhv etmək niyyəti dəyişməz olaraq qalır. Amma Ukraynanın müqavimətini nəzərə alsaq, bu, hazırda Rusiyanın imkanlarından kənardadır. Kreml bununla uzanan münaqişə üçün şərait yaradır”, - amerikalı analitiklər bildirirlər.
ISW qeyd edir ki, Kreml maksimum məqsədlərinə çatmaq üçün qüvvələri bərpa etmək və yeni hücuma hazırlaşmaq niyyətini gizlətmir, ilkin planlarının uğursuzluğuna görə dayanmaq istəmir.
“Kremlin Ukraynada uzun sürən müharibəyə tab gətirmək qabiliyyəti məhduddur. Bu, qeyri-mütənasib olaraq Rusiyaya öz potensialını bərpa etmək üçün vaxt və məkanın verilib-verilməyəcəyindən asılıdır. Hazırda Rusiyanın hərbi potensialını bərpa etmək imkanları məhduddur”, - təhlildə vurğulanır.
ISW hesab edir ki, Ukraynanın uğurlu əks-hücumları Kremlə öz resurslarını artırmaq üçün zəmin yaradacaq. Bu da son nəticədə Ukrayna ordusuna rusları öz ərazilərindən çıxarmağa imkan verəcək. Amma hazırda Qərb Ukraynaya kifayət qədər yardım etmədiyi üçün Rusiya toparlanmağa vaxt tapır.
Amerikalı analitiklərin fikrincə, məhz Qərbdən Ukraynaya kifayət qədər kömək olmadığına görə Rusiya Xarkov və Xersondakı məğlubiyyətlərdən sonra qış aylarında əks-hücuma keçə və təşəbbüsü ələ ala bilib.