İranın pilotsuz təyyarələri (PUA) Rusiyanın Ukraynaya qarşı müharibəsində əsas rollardan birini oynayır. Kiyev və Uman şəhərlərinə son hücumlar Rusiya müharibəsinin ölümcül mahiyyətini bir daha ortaya qoyur.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Rusiya İran PUA-larından aktiv istifadə edir, çünki bunlar nisbətən ucuzdur. Ukraynanın hava sistemləri İran dronlarını vurmaqda çətinlik çəkməsə də, Rusiya bu silahlardan istifadəyə davam edir.
İran dronları son zamanlar diqqət mərkəzindədir. Çünki molla rejimi etirazlara baxmayaraq, durmadan Rusiyaya dron göndərir. Nəticədə İranın dron istehsalçıları sanksiyalara məruz qalıb. Bundan əlavə, dronların komponentlərinin necə əldə olunduğu diqqət mərkəzindədir.
İngiltərənin Münaqişə Tədqiqatları Mərkəzi (CAR) “Şahid-136” dronlarının mühərriklərini araşdırır. Araşdırma İranın PUA-lar üçün mühərrikləri necə oğurladığını üzə çıxarıb. Məlumata görə, orijinal mühərriklər Almaniyadan alınıb.
CAR bildirir ki, Rusiya Ukraynaya qarşı İran PUA-larından istifadə etməyə başladıqdan sonra – Avropa İttifaqı, Böyük Britaniya və ABŞ molla rejiminin istehsalçı şirkəti “Mado”ya qarşı sanksiya tətbiq edib. Hazırda sanksiya siyahısında olan “Mado” İranın hərbi PUA-ları üçün mühərriklər, o cümlədən Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi “Şahid” seriyalı kamikadze dronlarını istehsal edir.
Orijinal mühərriklər 2006-cı ildə alınıb, “Mado” isə 2013-cü ilə qədər mövcud olmayıb. Görünən odur ki, indiki şirkət bu mühərrikləri tərs mühəndislik üsulu ilə hazırlayır. Bu mühərriklər və komponentlər bir sıra yerlərdə, o cümlədən 2022-ci ildə BƏƏ-də baş vermiş hücumda aşkarlanıb.
Molla rejiminin inkarına baxmayaraq, CAR-ın əldə etdiyi sənədlər sübut edir ki, mühərriklər tərs mühəndislik üsulu ilə “Mado” tərəfindən istehsal olunur.
Mühərriklər İranın Rusiya işğalına dəstəyinin yalnız kiçik hissəsidir. CNN bildirir ki, PUA-ların satışı İranın Rusiya ilə münasibətlərini dərinləşdirib. İki ölkə beynəlxalq ticarət və maliyyə sistemindən kənarda qaldığı üçün münasibətləri gücləndirib.