Seçkilərə sayılı günlər qalmış Türkiyə müxalifətinin Qərb qarşısında bir sıra öhdəliklər götürdüyü iddia edilir.
Teleqraf.com “The Economist”ə istinadla xəbər verir ki, öhdəliklərə Rusiyadan alınmış S-400 sistemlərindən imtina və Ankaranın nüvə layihələrinin dayandırılması kimi məsələlər də daxildir.
“Ərdoğandan sonra” adlı təhlildə müxalifətin Kamal Kılıçdaroğlunun Qərblə yaxınlaşaraq aradakı gərginliyi azaldacağı iddia olunur. Bu çərçivədə mümkün iqtidarı dönəmində “Yeddilik” bloku və Kılıçdaroğlunun Suriyada terror dəhlizinin açılmasının qarşısını almaq üçün mübarizədən çəkiləcəyi, türk hərbçilərini Suriyadan çıxaracağı və Rusiyadan alınan S-400-lərdən imtina edəcəyi bildirilir.
“Kılıçdaroğlunun başçılıq etdiyi hökumət Qərb üçün daha asan tərəfdaş olardı”, - ingilis nəşri yazır.
Təhlildə müxalifət blokunun PKK terror təşkilatına bağlı HDP-nin dəstəyini necə aldığına da toxunulur. “The Economist” müxalifətdəki mənbəyinə istinadla qeyd edir ki, mümkün hakimiyyət dəyişikliyində yeni hökumət Türkiyə ordusunu Suriyanın şimalından çıxaracaq.
Türkiyə ordusu son 6 ildə həyata keçirdiyi əməliyyatlarla Suriyanın şimalını terror təşkilatlarından təmizləyərək təhlükəsiz bölgə yaradıb. Müxalif mənbə bununla bağlı ingilis nəşrinə belə deyib: “Biz belə bir razılaşma əldə etdikdən sonra Suriyadan qoşunları çıxarmaq barədə düşünə biləcəyimiz vaxt gələ bilər”.
O, Bəşər Əsəd rejimi ilə qaçqınların geri qəbulu sövdələşməsini əsas şərt kimi irəli sürüb.
Belə bir gəlişmədə PKK/YPG terror təşkilatının ABŞ-ın dəstəyi ilə Suriyanın İraqla sərhədindən Aralıq dənizinə qədər “terror dəhlizi” yaradacağına qəti yanaşma ilə baxılır. Digər tərəfdən, bu durumda terror təşkilatının işğalı Türkiyə sərhədinə doğru yeni köç dalğasına səbəb olacaq.
Nəşr yazır ki, müxalifət hakimiyyətə gələrsə, S-400-ləri anbara qoyacaq, açarları təhvil verəcək və heç bir şəkildə istifadə etməyəcək. Bundan əlavə, Rusiya ilə birgə həyata keçirilən Akkuyu Atom Elektrik Stansiyası layihəsindən sonra reallaşdırılması planlaşdırılan ikinci projenin dayandırılacağı iddia edilir.