Rusiyada çoxları üçün gözlənilməz və dəhşətli intihar olayı yaşanıb. Hadisə Rusiya Federasiyasının subyekti olan respublikalardan birində baş verib. Daxili işlər naziri hələlik tam bəlli olmayan səbəblərə görə, iş başında xidməti silahından istifadə edərək, özünü güllələyib.
Teleqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Rusiya Federasiyasının Mari El Respublikasında baş verib. Respublikanın daxili işlər naziri, general-mayor Vyaçeslav Buçnevin bu gün öz kabinetində intihar etdiyi bildirilir.
Baş verən qanlı faciənin təfərrüatları ilə bağlı qeyd edilib ki, nazir bu gün işə gələndən sonra onun kabinetində atəş səsi eşidilib. General-mayorun xidməti otağında özünü vurduğu bildirilir.
Rusiya Daxili İşlər Nazirliyindən bununla bağlı verilən məlumatda Vyaçeslav Buçnevin dekabrın 26-dan məzuniyyətdə olduğu, onun məzuniyyətinin yanvarın 8-də başa çatacağı da açıqlanıb. V. Buçnev məzuniyyətdə olmasına baxmayaraq, müntəzəm olaraq işə gəlib-gedirmiş. Hazırda fakt üzrə araşdırma aparılır.
V. Busnev 2011-ci ildən Mari El Respublikasının Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl Vyaçeslav Buçnev Kirov rayonunun Polis Şöbəsinin rəisi olub.