Ukrayna ordusu Liman, Baxmut və Marin istiqamətlərində Rusiya qoşunlarının 60-a yaxın hücumunun qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Ən qızğın döyüşlər Baxmut və Marin uğrunda gedir.
Rusların Baxmut istiqamətində Boqdanivka və Markove rayonlarına hücumları nəticəsiz bitib.
Rusiya qüvvələri Marin istiqamətində öz taktiki mövqelərini gücləndirməyə çalışırlar. Gün ərzində Marin ərazisində rusların çoxsaylı hücumları dəf edilib. Həmçinin, rus ordusu Liman istiqamətində uğursuz hücum əməliyyatları keçirib: döyüşlər Biloqorivka ərazilərində və Spirni ətrafında aparılıb.
Uzun müddətdir Rusiya qoşunlarının hədəfində olan Avdiv istiqamətində hücum qeydə alınmayıb.
Bundan başqa, son 24 saat ərzində Ukrayna hərbi aviasiyası Rusiyanın şəxsi heyətinin cəmləşdiyi ərazilərə 6 zərbə endirib. Canlı qüvvə ilə yanaşı, rusların çoxsaylı dronları da məhv edilib. Ukraynanın raket və artilleriya bölmələri isə 1 idarəetmə məntəqəsini, 8 canlı qüvvənin cəmləşdiyi ərazini, 2 silah-sursat anbarını və 1 elektron döyüş stansiyasını vurub.