“Yevgeni Priqojinin “Vaqner” qrupunun Baxmutdan geri çəkilməsi ilə bağlı açıqlamaları və Rusiya Müdafiə Nazirliyini sərt tənqid etməsi Kreml elitaları arasında mübarizədə yeni dönüşdür”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
Onun sözlərinə görə, Kremlə dron hücumu elitalar arasında “qızışdırıcı katalizator” olub.
“Priqojinin sızlaması hər şeydən əvvəl cəfəngiyyatdır, onun əsas məqsədi Rusiya Müdafiə Nazirliyini və Baş Qərargahını gözdən salmaq, yəni Şoyqu və Gerasimova zərbə vurmaqdır. Priqojin ilk dəfə deyil ki, ona mərmi verilmədiyini və terrorçularını Baxmutdan geri çəkəcəyini bəyan edir”, - Kovelenko bildirib.
Ekspert vurğulayıb ki, bütün cəbhə xəttində rusların mərmilərlə bağlı vəziyyət pisdir, amma Baxmutdakı qüvvələr hələ də digər istiqamətlərdən xeyli yaxşı təmin olunur. Buna görə də, Kovalenko Priqojinin muzdluları Baxmutdan çıxarmaq təhdidlərini mayın 3-də Kremlə edilən hücumlarla birbaşa əlaqələndirir - Rusiya hərbi rəhbərliyini nüfuzdan salmaq effektini gücləndirmək.
“Siz və mən hazırda Ukraynada cəbhə zonasında yorğanı tamamilə öz üzərinə çəkmək üçün rəqabət aparan təşkilatın Rusiya Müdafiə Nazirliyinə və Baş Qərargahına silsilə hücumları müşahidə edirik. Priqojinin bütün bu açıqlamaları Şoyqu və Gerasimova qarşı böyük oyunun elementləridir”, - ekspert söyləyib.
Bundan əlavə, Kovalenko istisna etmir ki, Priqojinin muzdluları Baxmutdan geri çəkməsinin əlavə motivi bu sahədə vəziyyətin yaxın gələcəkdə Rusiyanın əleyhinə köklü şəkildə dəyişəcəyi qorxusudur:
“Amma o, şəhərdəki hərbi əməliyyatların labüd uğursuzluğunu Şoyqu və Gerasimovun üzərinə ataraq qaçacaq. Yəni bir daşla iki quş vurmağa çalışır”.
Qeyd edək ki, bundan əvvəl Yevgeni Priqojin “Vaqner” qüvvələrini mayın 10-da Baxmutdan arxa cəbhəyə çəkəcəyini açıqlayıb. O, mərmi çatışmazlığı səbəbindən muzdlularını bölgədən çıxarmağa məcbur olduğunu deyib və baş verənlərə görə Gerasimovla Şoyqunu ittiham edib.