Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin xarici işlər nazirlərinin mayın 5-də Hindistanın Qoa adasında keçirilən görüşündə liderlərin toplantısına hazırlıq mövzuları müzakirə edilib. ŞƏT-ə üzv dövlətlərin liderlərinin sammiti 4-5 iyul tarixlərində Dehlidə keçiriləcək. Nazirlər bu görüşə hazırlıqla yanaşı, beynəlxalq və regional vəziyyəti də müzakirə ediblər. Müzakirə edilən mövzular içərisində Əfqanıstandakı durum da olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.
Təhlildə vurğulanır ki, ŞƏT liderləri Hindistanın paytaxtında 20 bəyanat qəbul edəcəklər:
“Bundan başqa, İran ŞƏT-in tamhüquqlu üzvlüyünə qəbul ediləcək. Halbuki təşkilat 2017-ci ildə Hindistan və Pakistanı üzvlüyə qəbul etdikdən sonra genişlənməyə üstünlük verməyəcəyini açıqlamışdı. Siyasət dəyişib. Çünki Qərb dünyasıyla rəqabət aparan Rusiya və Çinə daha çox tərəfdaş lazımdır. İrandan sonra Belarusun da üzvlüyə qəbulu gündəmdədir. Küveyt, Myanma, Maldiv Adaları, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn təşkilatla tərəfdaş statusuna malikdir. Səudiyyə Ərəbistanı bu ilin mart ayında ŞƏT-ə “dialoq tərəfdaşı” statusunda qəbul olunub.
Qoadakı toplantıya Pakistan xarici işləri nazirinin gəlişi də diqqət mərkəzində olub. Bu, 2014-cü ildən bu yana Pakistan rəsmisinin Hindistana ilk rəsmi səfəridir. ŞƏT çərçivəsində ikitərəfli münasibətlərin normallaşması əsas vəzifələrdən biridir.
Rusiya və Çin ŞƏT çərçivəsində anti-Qərb blokunu formalaşdırmağa çalışsalar da, buna nail olmaq Moskva və Pekin üçün çətindir. Çünki Mərkəzi Asiya ölkələri və Hindistan Qərblə siyasi əməkdaşlıqdan və hərbi təmaslardan imtina etməyəcək. Bu ölkələr Rusiya və Çinin artan maraqlarından ehtiyat edirlər”.
Mərkəzin ekspertləri hesab edirlər ki, buna baxmayaraq, ŞƏT Avrasiya bölgəsində önəmli rola iddialıdır, yeni nəqliyyat yolları çəkilir, dəniz limanları tikilir:
“Bu layihələr təşkilata marağı artırır. Bu mənada, Azərbaycan və Türkiyə də ŞƏT-dəki prosesləri diqqətlə izləyir.
Rusiya xarici işlər naziri Sergey Lavrov Hindistandakı toplantıdan sonra ölkəsinin Dehli ilə xüsusi əlaqələrindən danışıb. Rusiyadan Hindistana neft satışının həcminin artması ekspertlərin diqqət mərkəzindədir. Buna baxmayaraq, Rusiya Hindistanın ondan ucuz neft ala biləcəyi valyuta ilə bağlı razılığa gələ bilməyib. Moskva Hindistan valyutası rupi ilə ödənişdən imtina edir. Moskva hesab edir ki, rupi ehtiyatının yığılması arzuolunmazdır, çünki rupi tam konvertasiya olunan valyuta deyil.
Rusiya və Hindistan yerli valyutalarla ticarət məsələsini müzakirə etsələr də, prinsiplər rəsmiləşdirilməyib. Rusiya ödənişi rupi ilə deyil, Çin yuanı və ya digər valyutalarla etmək istədiyini bildirib. Dehli bununla razılaşa bilməz”.