Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenski 9 Mayın ölkədə Avropa Günü kimi qeyd edilməsi haqda fərman imzaladıqdan sonra onu “Yəhudanın mücəssəməsi” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi Ukrayna liderini xəyanətdə ittiham edib.
“Düşməndən daha pis nə ola bilər? Xain. Budur Zelenski. XXI əsrdə Yəhudanın yeni təcəssümü. 9 May Qələbə Gününü ləğv etməklə öz əcdadlarına - Qırmızı Ordu sıralarında döyüşənlərə, həbs düşərgələrində əzab-əziyyətə və işgəncələrə məruz qalanlara, Qələbə üçün arxa cəbhədə çalışanlara birdəfəlik xəyanət etdi”, - Zaxarova bildirib.
Bundan əvvəl Prezident Zelenski Ali Radaya 9 Mayın Avropa Günü kimi təsis edilməsini təklif edən qanun layihəsi təqdim edib. O, bildirib ki, 80 il əvvəl olduğu kimi, bu gün də Ukrayna həm özü, həm də bütövlükdə Avropanın gələcəyi naminə tam şərə qarşı mübarizə aparır.
Qeyd edək ki, 2015-ci ildən etibarən 8 May tarixində Qələbə Gününə alternativ olaraq Ukraynada Anım və Barışıq Günü qeyd edilir.