ABŞ mayın 14-də Türkiyədə keçiriləcək seçkilərin nəticələrinin ikitərəfli münasibətlərə təsir etməyəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel jurnalistlərə bildirib.
Patelə “Həftəsonu Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri Türkiyə-ABŞ münasibətlərinə necə təsir edəcək” sualı verilib.
ABŞ rəsmisi çıxışına “Təsir etməyəcək” deyərək başlayıb:
“Türkiyə xalqı tərəfindən hansı hökumətin seçilməsindən asılı olmayaraq, birlikdə, bu əlaqələri dərinləşdirməyə, bir sıra əməkdaşlıq istiqamətləri və ortaq prioritetlər üzərində işləməyə davam edəcəyik”.
Patel Türkiyənin mühüm NATO müttəfiqi olduğunu və ABŞ üçün vacib olan bir sıra məsələlərdə əvəzsiz rol oynadığını söyləyib:
“Qara dəniz taxıl anlaşmasının əldə edilməsində və həyata keçirilməsində Türkiyənin oynadığı rolu qeyd etmək istərdim. Onların liderliyi və birləşdirici rolu sayəsində Rusiyanın taxıldan silah kimi istifadə etməsinin qarşısını alan mexanizm var.
Seçkilərə gəlincə, ABŞ seçkilərdə tərəf tutmur. Bizim yeganə ümidimiz demokratik prosesə əsaslanan azad və ədalətli seçki görməkdir”.