ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətinə Rusiya ilə birbaşa uçuşların bərpa olunacağı təqdirdə gözlənilən sanksiyalarla bağlı xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın “Accent” nəşrinə Dövlət Departamentinin nümayəndəsi məlumat verib.
Məlumatda deyilir ki, bəzi Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin öz hava məkanına daxil olmasını qadağan edib. Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, bu, Gürcüstan aviaşirkətlərinə qarşı sanksiyalara səbəb ola bilər.
Dövlət Departamenti hazırda Rusiya ilə münasibətləri dərinləşdirməyin vaxtı olmadığını vurğulayaraq qeyd edib ki, hava nəqliyyatını bərpa etmək və ya gürcü xalqı üçün viza rejimini dəyişmək əvəzinə, Rusiya öz qoşunlarını Gürcüstan ərazisindən çıxarsa, daha yaxşı olar.
Mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və mayın 15-dən bu ölkə ilə birbaşa uçuşlara icazə verilməsi haqqında fərman imzalayıb. Rusiya Xarici İşlər Nazirliyi də öz növbəsində rusların Gürcüstana səfərdən çəkinməsi ilə bağlı tövsiyəsini geri götürüb.
Gürcüstan Prezidenti Salome Zurabişvili Putinin qərarını “təxribat” adlandırıb.