Türkmənistan Tacikistanla birlikdə iki dövləti Xəzər dənizinə çıxışda birləşdirəcək nəqliyyat dəhlizi yaratmağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Düşənbədə tacikistanlı həmkarı Emoməli Rəhmonla görüşündə deyib.
Onun sözlərinə görə, nəqliyyat sahəsində əməkdaşlıq Aşqabad və Düşənbə arasında münasibətlərin prioritetidir. Berdiməhəmmədov qeyd edib ki, iki dövlətin səyləri əsas məqsədə - Asiya, Avropa və Yaxın Şərqin nəqliyyat sistemlərinin birləşməsini təmin edəcək güclü və müasir infrastrukturun yaradılmasına nail olmağa yönəldilməlidir.
Türkmənistan prezidenti vurğulayıb ki, dünya okeanlarına birbaşa çıxışı olmayan Mərkəzi Asiya dövlətləri dünya bazarlarına çıxmaq üçün Şərqi Xəzərin liman infrastrukturunun imkanlarından maksimum istifadə etməlidir. Berdiməhəmmədov bildirib ki, ölkəsi Tacikistanın maraqlarını nəzərə alaraq, Türkmənistanın Türkmənbaşı dəniz limanının imkanlarından əlverişli şəraitdə istifadə edilməsi məsələsini müzakirə etməyə hazırdır.
Sərdar Berdiməhəmmədovun Tacikistana səfəri zamanı yük axınının daha da artırılması və yükdaşımaların aktivləşdirilməsi üzrə birgə tədbirlər proqramı təsdiq edilib.