Ukraynalı siyasi ekspert Mixail Şeytelman Rusiya Prezidenti Vladimir Putinin Baxmutun ələ keçirilməsinə necə reaksiya verə biləcəyindən danışıb.
Teleqraf.com xəbər verir ki, ekspert Rusiya liderinin ən kritik məqamlarda belə susduğunu deyib.
“Putin heç vaxt “Baxmut” və ya “Artemivsk” sözünü dilinə gətirməyib. Onun ordusu doqquz aydır, Baxmutda döyüşür. Bu müddət ərzində bir dəfə də olsun, onu xatırlamayıb. Bura son beş ayda 20000, bəzi məlumatlara görə, 40000 rusun öldüyü yerdir. Ən azı bu qədər. Putin isə bir dəfə də buranın adını çəkməyib. Təsəvvür edin ki, Kremlə dronla hücum olur, amma o, yenə də susur”, - Şeytelman bildirib.
Ekspert qeyd edib ki, Putin Ukrayna Silahlı Qüvvələrinin uzun müddətdir Krımı bombalaması ilə bağlı da susur:
“Bircə körpü partladılanda reaksiya verdi. Amma cəbhədə geri çəkilmələri də susqunluqla qarşılayır. Strelkovun Sergey Şoyqunu “faner marşal” adlandırması əbəs deyil. Hələ indi bəziləri Putinin saxta prezident olduğunu təxmin etməyə başlayıblar. Ötən 23 ilidə heç vaxt nəyə görəsə məsuliyyət daşımadı. Sualtı gəmi batdı, o, Soçidə tətilə getdi, ümumiyyətlə radarlardan itdi. Həmişə yalnız nəsə düzəldir. Yəni təsadüfən Krımı alırlar, çıxıb deyir ki, Krımı tutmuşuq. Amma tapın, harda deyib ki, bir gün Krımı alıb ilhaq edəcəyik, bu bizim torpağımızdır? Belə bir şey yoxdur. Bir şey baş verənə qədər heç vaxt heç nə demir”.