“Bəzi Mərkəzi Asiya ölkələri riskə getməyə hazır olmadıqlarını və Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşula biləcəklərini açıq şəkildə bildirirlər”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin III Mərkəzi Asiya Forumu zamanı deyib.
“Birtərəfli iqtisadi sanksiyaların qəbuledilməzliyi və qeyri-legitimliyi ilə bağlı mövqelərin yaxınlaşmasına baxmayaraq, bir sıra Mərkəzi Asiya ölkələri müvafiq riskləri öz üzərlərinə götürmək istəmirlər, Qərbin məhdudlaşdırıcı tədbirlərinə qoşulmağa hazır olduqlarını açıq şəkildə bildirirlər”, - nazir müavini bildirib.
Qaluzinin sözlərinə görə, Rusiya qarşılıqlı öhdəliklərə, o cümlədən KTMT, Avrasiya İqtisadi Birliyi və MDB-yə zidd olmayan xarici və daxili siyasi kursun yeridilməsini heç kimə diktə etmir.
“Əminik ki, Mərkəzi Asiyanın paytaxtları bunu çox gözəl görür və başa düşürlər. Rusiya ilə əlaqələrin süni şəkildə pozulması bədnam ikinci dərəcəli sanksiyalardan daha ciddi ziyana səbəb ola bilər”, - Rusiya rəsmisi əlavə edib.