31 Dekabr 2014 22:00
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü il dünyada iqtisadi, siyasi, mədəni, idman və digər sahələrdə zərgin hadisələrlə yadda qalıb. Bu hadisələr sırasında Suriyada daxili müharibə, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının hücumları, Ebola virusu və Ukraynadakı gərginlik dünya gündəmində ön sıralarda durub. Bundan əlavə İraq, Əfqanıstan, Pakistan, Hindistan və Afrika ölkələrində terror hücumları, ABŞ-da irqçilik hadisələri ilin ən mühüm hadisələrindən olub.

Təkcə bu il ərzində Ebola dəhşəti 7 min insanın ölümünə səbəb olub. Virus ilk dəfə 2014-cü ilin fevralında Qvineyada qeydə alınıb. Xəstəlik sonradan Syerra Leone, Liberiya, Nigeriya, Konqo və Seneqala yayılıb. Virusa yoluxma hallarına ayrı-ayrılıqda ABŞ və Avropada da rast gəlinib. Dünya Səhiyyə təşkilatının açıqlamasına görə, hazırda 20 mindən çox insan Ebola virusundan əziyyət çəkir.

Suriyada 2014-cü ildə daxili müharibə nəticəsində 200 min insanın öldüyü, 3,3 milyon sakinin isə qaçqın həyatını yaşadığı açıqlanıb. Prezident Bəşər Əsədə sadiq qüvvələr ölkədə müxaliflərə qarşı hücumlar adı ilə bir sıra məktəbləri partladıb, nəticədə yüzlərlə azyaşlı həyatını itirib. Əsəd rejimin digər bir qeyri-insani tərəfi isə hücumlar zamanı kimyəvi silahlardan istifadə etməsi olub.

2014-cü il Suriya üçün tək Əsəd rejiminin hücumları ilə deyil, həmçinin İŞİD dəhşəti ilə yadda qalıb. Daxili münaqişədən istifadə edən İŞİD qısa müddətdə güclənməyə və dünyanın bir sıra ölkələrində cihad adı altında şəxsləri bir yerdə cəmləməyə başlayıb, Suriyada bir çox ərazilərdə nərazrəti ələ alıb. Zəbt etdiyi əraziləri viran qoyan, qadınlarını zorla satan, tabe olmayan bütün şəxslərin isə başını kəsən İŞİD yaraqlıları islama və müsəlmanlığa zidd hərəkətlərini yayımlamağa belə çəkinməyiblər, dəfələrlə yaydığı görüntülərdə kütləvi edam səhnələrini əks etdiriblər. Sentyabr ayında İŞİD-ə qarşı yönəlmiş ABŞ-ın rəhbərliyi ilə yeni koalisiya yaradılıb. Bu koalisiyaya Almaniya, Fransa, İtaliya, Avtraliya və digər ölkələr daxil idi. Suriya İnsan Haqları təşkilatının statistikasına görə, son 6 ayda İŞİD terror qruplaşmasının silahlıları Suriyada təxminən 2000 nəfərin başını kəsib, güllələyib, daşqalaq edərək öldürüb.

Bununla yanaşı Afrika ölkələrində “Boko Haram”, Əfqanıstan, Hindistan, Pakistanda isə “Əl Qaidə”, onun qolu sayılan “Əl Nusra” və “Taliban” kimi terror təşkilatları qətliamlar törətməyə davam edib. Ən böyük qətliam isə Hindistanda “Taliban” tərəfindən məktəblilərin girov götürülməsi olub. 500-ə yaxın azyaşlını girov götürən terrorçular onlardan 140-nı öldürüb, 180-nı isə ağır yaralayıb. Nigeriyada fəaliyyət göstərən “Boko Haram” təşkilatı isə il ərzində ən çox qadın qaçırmaları ilə yadda qalıb. İlin əvvəlində 250 qadını qaçırdan terrorçular, sentyabr və oktyabr aylarında daha 200 qadını girov götürüb.

Diqqətçəkən digər hadisə də Ukraynada baş verib. Ukrayna hökumətinin Avropa Birliyi ilə keçirəcəyi tərəfdaşlıq sazişini təxirə salması ilə başlanan etirazlar tezliklə siyasi böhrana çevrilib. Hökumət tərəfdarları və əleyhdarları arasında baş verən gərginlik prezident Viktor Yanukoviçin devrilməsi ilə nəticələnib, Rusiya tərəfdarı separatçılar ölkənin şərqində və Krımda müstəqillik elan edib. Krım parlamenti baş nazir Anatoli Mogilevin yerinə Rus Birliyi partiyasının sədri Sergey Aksenovu qoyub və müstəqilliyini elan edib.

Bundan sonra Krımın Rusiyaya birləşdirilməsi məsələsi gündəmə gəlib. Krım müstəqil olaraq referendum keçirdiyini və səsvermədə Rusiya birləşdirilmə qərarının 96,7 faiz səslə dəstəkləndiyini açıqlayıb. Beynəlxalq ictimaiyyət bunu hüquq pozuntusu kimi səciyyələndirdikdən sonra, Krım bu rəqəmin 83,1 faiz olduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putin Krımın Rusiyaya birləşdirilməsi və yeni federal bölgələr yaradılması ilə bağlı müqaviləni imzalayıb. Beləliklə, Krım və Sivastopol rəsmən Rusiyaya birləşdirilib. Başda Avropa Birliyi və ABŞ olmaqla beynəlxalq ictimaiyyət Krımın ilhaqına sərt reaksiya göstərib. Avropa İttifaqı bunun ardından Rusiyaya qarşı sanksiyaları gündəmə gətirərək, rus qazının Avropaya ötürməsini nəzərdə tutan Cənubi Axın layihəsini ləğv edib. Putin isə bu cür addımların Rusiya iqtisadiyyatına zərər verə bilməyəcəyini deyib.

Sentyabrın 5-də imzalanan Minsk razılaşması ilə bir çoxları Ukraynadakı vəziyyətin stabilləşəcəyini gözləsə də, Donetsk və Luhanskda baş verən hadisələrlə gərginlik daha da artıb. Rus separatçılarının burada başladığı müharibə yüzlərlə insanın həyatına son qoyub, minlərlə insan yaralanıb, əsir götürülüb və ya yurdundan didərgin düşüb. Bununla bağlı beynəlxalq ictimaiyyət əsasən də ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi tələb edib. Nəticədə avqust, sentyabr və oktyabr aylarında qəbul edilən sanksiyaların sərtləşdirilməsi haqqında qərarlar Rusiyanı demək olar ki, iqtisadi çətinliyə doğru aparıb. Rubl tarixində görünməz dərəcədə ucuzlaşıb. Dekabr ayında 1 dolların 79 rubla qədər bahalaşması Rusiyanı narahat etməyə başlayıb. Putinin Türkiyəyə səfəri, Çinin Rusiyaya yardım əlinin uzatması və Rusiya hökumətinin iqtisadiyyatı Qərbə doğru deyil, Asiyaya doğru yönəltməsi ölkəyə bir sıra üstünlüklər gətirib. Putinin Ankaraya səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə Cənub Axını layihəsindən imtina edərək, bunu Türk Axını ilə əvəz etməsi məsələsi gündəmə gətirilib. Türk Axını vasitəsilə rus qazı Türkiyəyə, oradan isə Yunanıstan sərhədlərinə yönələcək.

Bu ilin ən dəhşətli hadisələri sırasına Əfqanıstanda 2100 nəfərin ölümünə səbəb olan torpaq sürüşməsini, Cənubi Koreyada 295 turistin həyatına son qoyan“Sevol” adlı bərə qəzasını, Türkiyədə mədən qəzası nəticəsində 301 işçinin həlak olmasını, Nepalda Himalay dağlarında 77 alpinistin ölümünə səbəb olan qar uçqununu göstərmək olar.

Digər tərəfdən bu il təyyarə qəzaları ilə yadda qalıb. Malaziya hava yollarına məxsus üç təyyarənin martın 8-də, iyulun 17-də və dekabrın 28-də qəzaya uğaması nəticəsində ən azı 680 nəfər həyatını itirib. İlk qəza Malayziyanın paytaxtı Kuala Lumpur şəhəri ilə Pekin baş verib. Boeing 777-200 təyyarənin göyərtəsində 14 ölkədən 227 sərnişin və 12 ekipaj üzvü olub. Təyyarə Cənubi Çin dənizi üzərində olduğu zaman itib və 7 saat müddətində havada qalıb. Çoxsaylı axtarışlara baxmayaraq, hələ də təyyarədən xəbər alınmayıb. Digər qəza isə Ukraynanın Donetsk bölgəsi yaxınlığında meydana gəlib. Hadisə zamanı Boing 777 təyyarəsində olan 298 nəfər həyatını itib. Sərnişinlərdən 193-ü hollandiyalı olub. İstintaq təyyarənin vurulduğunu bildirib. Qəza ilə bağlı son hesabat 2015-ci ilin yayında açıqlanacaq.

Dekabrın 28-də Malaziyaya məxsus daha bir təyyarə qəzaya uğrayıb. İçərisində 162 nəfərə yaxın insan olan “Air Asia” şirkətinin təyyarəsi İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçarkən radarlardan itib. Paytaxt Cakartanın dispetçer məntəqəsi yerli vaxtla 6:17-də “QZ 8501” reysiylə əlaqənin itdiyi barədə məlumat yayıb.

Verilən məlumata görə, pilot son olaraq hava nəqliyyatına nəzarət mərkəzi ilə əlaqə saxlayıb. İndoneziya nəqliyat nazirliyinin səlahiyyətlisi Hadi Mustafa bildirib ki, əlaqə kəsilmədən öncə pilot pis hava şəraiti ilə bağlı yüksəkliyini azaltmağı və marşrutu dəyişməyi tələb edib. Axtarışlar zamanı təyyarənin Yava dənizinə düşdüyü məlum olub.

Daha bir təyyarə qəzası iyulun 24-də Nigeriyada təyyarə qəzası baş verib. Əlcəzair hava yollarına məxsus sərnişin təyyarəsi Naimer şəhəri yaxınlığında qəzaya uğrayıb. İspaniyanın “Swiftair” şirkətinə məxsus təyyarənin kapitanı enişə yaxın dispetçerdən pis hava şəraiti ilə əlaqədar Malidən qalxan təyyarə ilə toqquşmamaq üçün kursu dəyişməyi istəyib. Kursu dəyişdikdən sonra təyyarə qəfildən radardan itib. Axtarışlar zamanı təyyarənin qəzaya uğradığı, bortda olan 110 sərnişin və ekipaj üzvünün həlak olduğu aydın olub.

Samir


Müəllif:

Oxşar xəbərlər