Türkiyənin zəlzələ bölgəsində seçki nəticələrinin Prezident Rəcəb Tayyib Ərdoğanın lehinə olması CHP-ni hiddətləndirib.
Teleqraf.com xəbər verir ki, partiya üzvləri sosial mediada ağlasığmaz təhqirlər yağdırarkən, CHP bələdiyyələri zəlzələ qurbanlarını yaşadıqları yerlərdən çıxarmağa çalışırlar.
Prezident Ərdoğan məsələ ilə əlaqədar CHP-yə sərt reaksiya verib:
“Parlament seçkilərinin Cümhur İttifaqının qələbəsi ilə nəticələnməsi, prezident seçkisində də böyük fərqin üzə çıxması CHP sədrini və rəhbərliyinin sinirlərini əməlli-başlı pozub. Mayın 14-nə keçən gecə nəticələri bildikləri halda televiziya ekranlarında səhnələşdirdikləri “qazandıq” teatrını izlədik. Qutular açıldıqca yalanları da üzə çıxdı. Buna baxmayaraq, nə bilə-bilə çaşdırdıqları seçicilərindən, nə də ictimaiyyətdən üzr istədilər.
Eyni zehniyyət indi də səslərini ala bilmədikləri vətəndaşlarımıza qarşı yönəlib, siyasət bir yana, insani dəyərlərə də sığmayan hücumların şahidi oluruq. Bu dairələr zəlzələ bölgəsinə göndərdikləri yardımı kəsməkdən tutmuş, zəlzələ qurbanlarını otellərdən qovmağa qədər hər cür vicdansızlığı edirlər.
Hələ sosial şəbəkələrdəki çirkin kampaniyaları demirəm.
Bilirəm ki, yaxınlarını itirmiş ürəkləri yaralı qurbanlarımız baş verənlərdən çox narahatdırlar. Hansı partiyaya səs verməsindən asılı olmayaraq, 85 milyon insanın hamısı bu məsuliyyətsizlikdən üzülür.
Heç kim narahat olmasın, heç bir vətəndaşımız bu şər kütləsi qarşısında ümidsizliyə qapılmasın.
Millətimizin və insanlığın vicdanını qorumaq başlıca vəzifəmizdir.
İnşallah, dövlət-millət həmrəyliyi ilə yaralarımızı sağaldacağıq. Biz zəlzələdən sağ çıxanları sahibsiz qoymayacağıq və yanlarında olmağa davam edəcəyik”.