ABŞ mayın 14-də Türkiyədə keçirilən prezident seçkisinin birinci turunda Prezident Rəcəb Tayyib Ərdoğana məğlub olan CHP sədri Kamal Kılıçdaroğlunun üstündən xətt çəkib. ABŞ Kılıçdaroğlunun yerinə yeni lider namizədi olaraq İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunu irəli sürəcəyi iddia edilir.
Teleqraf.com xəbər verir ki, 14 may seçkiləri dünya mətbuatında geniş işıqlandırılmağa davam edərkən, Rusiyadan diqqətçəkən iddia gəlib.
Rusiyanın təhlükəsizlik orqanlarına yaxınlığı ilə tanınan SİLOVIKİ adlı Teleqram kanalının iddiasına görə, Kılıçdaroğlunun seçkilərdəki uğursuzluğu CHP-də daxili parçalanmaya səbəb olub:
“Müxalifət partiyaları arasında da fikir ayrılığı yaranıb. Müxalifət liderləri seçkilərdə uğursuzluğun səbəbinin Kamal Kılıçdaroğlu olduğunu düşünürlər.
Rusiya kəşfiyyat orqanlarının məlumatlarına görə, Kılıçdaroğlunun uğursuzluğu ABŞ tərəfindən yaxından izlənilir. ABŞ hökuməti mayın 28-də keçiriləcək ikinci turdan sonra CHP rəhbərliyində dəyişiklik etməyi planlaşdırır. Vaşinqton CHP-nin başına daha gənc kadrları gətirmək üçün düyməni basıb. CHP liderliyinə namizəd İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğludur.
İmamoğlu 2019-cu ildəki seçkilərdə də ABŞ tərəfindən dəstəklənib. O zaman ABŞ Dövlət Departamenti İmamoğluna dəstək bəyanatı vermişdi.
Rusiya kəşfiyyat orqanlarının məlumatına görə, ABŞ İmamoğlunun 2019-cu ildə uğurunu təkrarlaya, 5 il sonra keçiriləcək seçkilərdə də uğur qazana biləcəyini düşünür”.