18 May 2023 15:40
3 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATA İttifaqının Türkiyə prezidentliyinə namizədi Sinan Oğan seçkilərin ikinci turunda dəstəkləyəcəyi blokun namizədindən vitse-prezident postu istəyəcəyinə işarə edib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın “Nyu-York Tayms” qəzetinə danışan Oğan dəstəkləyəcəyi namizəddən yüksək vəzifə istəyəcəyini bildirərək, “vitse-prezident ola bildiyim halda niyə nazir olum?” ritorik sualını da verib.

Cümhur İttifaqının namizədi, Prezident Rəcəb Tayyib Ərdoğanın iş əxlaqını təqdir etdiyini deyən siyasətçi onu qərar verməzdən əvvəl başqaları ilə kifayət qədər məsləhətləşmədiyinə görə tənqid də edib.

Oğan Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun rəqibi qədər güclü iş əxlaqına sahib olmadığını desə də, başqalarının fikrinə önəm verdiyini söyləyib.

Oğan müsahibədə hansı tərəfi dəstəkləməyə yaxın olduğunu açıqlamayıb.

“Nyu-York Tayms” Oğanın seçicilərinin 70 faizinin dəstəklədiyi namizədin yanında dayanacağını yazsa da, ekspertlər bundan əmin olmadıqlarını deyiblər.

Siyasətçi son zamanlar çox məşğul olduğunu da bildirib: “Son üç-dörd gündə çox yüksək səviyyəli insanlarla söhbət etmişəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər