"Böyük yeddilik" ölkələrinin sammitində (G7) ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Yaponiya və Kanada liderləri inkişaf etməkdə olan ölkələrdə infrastrukturun inkişafı üçün 2027-ci ilə qədər 600 milyard dollar toplamaq barədə razılığa gəliblər.
Teleqraf.com “TASS”- a istinadən xəbər verir ki, bu G7 nümayəndələrinin Xirosima sammiti zamanı qəbul edilmiş birgə bəyanatında qeyd edilir.
Yığılan vəsaitin inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına investisiyalar çərçivəsində ayrılması planlaşdırılır.
“Biz 2027-ci ilə qədər 600 milyard dollara qədər vəsaiti səfərbər etmək üçün qlobal infrastruktur, investisiya və əməkdaşlıq üzrə G7 tərəfdaşlığına birgə öhdəliyimizi təsdiqləyirik. Biz davamlı inkişaf məqsədlərinin şəffaf və ədalətli maliyyələşdirilməsi prinsiplərini və infrastruktura keyfiyyətli investisiyaları təşviq etmək niyyətindəyik”, - məqalədə qeyd olunur.
Eyni zamanda, G7 ölkələrinin liderləri hesab edir ki, investisiyanın bir hissəsini özəl biznes nümayəndələri öz üzərinə götürməlidir. Digər məqsəd inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına daha çox investisiya cəlb etmək üçün siyasi islahatları təşviq etmək olmalıdır.