“Qərb tərəfdaşları Ukraynaya onlarla F-16 təyyarəsi verə bilər”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat məlumat verib.
Onun sözlərinə görə, Qərb tərəfdaşları təyyarələri bir-bir təhvil verməyəcəklər. Bu təyyarələr eskadrilyalar formasında ötürüləcək.
“Beləliklə, cari vəzifələri yerinə yetirmək üçün ilkin olaraq bir neçə onlarla təyyarə Ukraynaya verilə bilər”, - İqnat deyib.
İqnat əlavə edib ki, tərəfdaşlar Ukraynanı F-16 qırıcıları ilə təmin etdikdə, ölkəsi Rusiyanın başladığı müharibədə qalib gələcək. Bu təyyarələr müxtəlif bölgələrdə döyüş növbətçiliyində olacaqlar.
ABŞ tərəfdaşları ilə birlikdə nəhayət, F-16 qırıcılarının Ukraynaya verilməsi məsələsində irəliləməyə başlayıb. ABŞ prezidentinin müşaviri Ceyk Sallivan Ukrayna üçün nəzərdə tutulan təyyarələrin sayını açıqlamasa da, bunların Ukrayna ordusunun əks-hücum əməliyyatında istifadə edilməyəcəyini iddia edib.
Hərbi ekspert Aleksey Hetmanın fikrincə, Ukrayna 40-50 F-16 qırıcısı ala bilər. Bu sayda təyyarə Ukraynanın əks-hücumunu havadan dəstəkləmək üçün kifayət edəcək.
“Ukraynanın 4-5 F-16 eskadrilyası alacağı barədə məlumat var. Bunlar Bunlar əks-hücuma keçəcəyimiz istiqamətlərdə əməliyyatları dəstəkləmək üçün kifayət edəcək ki, Rusiya bizə havadan hücum edə bilməsin”, - Hetman bildirib.
Ekspert qeyd edib ki, F-16-lar Ukrayna qüvvələrinin həyatını xilas etməklə yanaşı, daha sürətli irəliləməsinə kömək edəcək.
“Bütün havanı tamamilə örtmək üçün bizə 5-6 dəfə daha çox lazımdır”, - Hetman vurğulayıb.