Almaniyanın ZDF dövlət telekanalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasəti müzakirə olunub.
Teleqraf.com xəbər verir ki, polemikada Türkiyənin Azərbaycan siyasətinə də toxunulub.
“Haradasa güc nöqtəsi formalaşanda bunu Ərdoğandan başqa heç kimin hiss etmə qabiliyyəti yoxdur. Bir yerə girmək şansı varsa, orada olur. Bu gün Suriyada, İraqda, Liviyada, Azərbaycanda, Ukraynada vəziyyət belədir. Türk PUA-ları hər yerə uçurlar. Yəni Ərdoğan hər yerdədir”, - ZDF-nin aparıcısı Markus Lanz deyib.
Xristian Demokratik Birliyi Partiyasının (CDU) deputatı və Bundestaqın Xarici Siyasət Komitəsinin sədri Norbert Röttgen də Lanzın sözlərinə haqq qazandırıb:
“Həqiqətən də belədir və Türkiyənin dəstəklədiyi Azərbaycanın müharibədə Rusiyanın dəstəklədiyi Ermənistana qarşı istifadə etdiyi türk PUA-ları prosesdə böyük rol oynadı. Bölgəyə hərtərəfli baxdıqda, Ərdoğanın davamlı balanslı fəaliyyət göstərdiyi çox böyük bir sahədir. Məsələn, Liviya. Orada da aktivdir. Təbii qaz axtarma işlərini də həyata keçirir. Liviya hökuməti ilə müqavilələr bağlayıb. Bu o deməkdir ki, onun həm də bir enerji siyasəti var.
Böyük bir regional siyasəti var: Kipr problemi, Yunanıstan, Qafqaz, Azərbaycan, Suriya və Rusiya siyasəti. Ondan sonra gələnlərin orada nələrisə dəyişdirməyə yeri olmayacaq, hər şeyi tarazlıqda saxlayır. Mükəmməl formada tarazlıq yaradır. Eyni zamanda, Türkiyə uzun müddətdir, NATO üzvüdür. NATO-nun ikinci güclü ordusuna malikdir və Rusiya ilə də sıx iqtisadi əlaqələri var. Yəni Türkiyə Avropa İttifaqının və ya Qərbin Rusiyaya qarşı sanksiyalarında yer almır. Əksinə, Türkiyə və türk şirkətləri önəmli bir mərkəzdir.
Eyni zamanda, taxıl dəhlizi müqaviləsində Türkiyə son dərəcə önəmli rola malikdir. Türkiyə Montro müqaviləsi ilə boğazlara nəzarət edir. Beləliklə, hər cür döyüş gəmiləri, eləcə də Rusiya hərbi gəmiləri burada keçə bilmir. Bu, həqiqətən də balanslaşdırılmış, çoxqütblü xarici siyasətdir. Türk nüfuzunu və böyüklüyünü göstərən, millətçiliyi olan siyasətdir, bu, ərəb regionundan Cənubi Qafqaza, Şərqi Aralıq dənizinə qədər bütün bölgəyə yayılıb. Bu, nəhəng mürəkkəb şəbəkədir və bu, nəzarəti təmin edir”.