Qazaxıstana qarşı qərəzli mövqeyi ilə tanınan rusiyalı deputat Konstantin Zatulinə bu ölkəyə buraxılmayıb.
Teleqraf.com xəbər verir ki, Zatulinə pasport nəzarəti zonasından keçməyə icazə verilməyib.
“Bəzi çətinliklərdən və Rusiya Xarici İşlər Nazirliyinin vəziyyətə müdaxiləsindən sonra problem həll olunub”, - deputatın mətbuat xidməti bildirib.
Zatulin isə artıq iki gündür Qazaxıstanın Baykonur şəhərində olduğunu deyib və qeyd edib ki, keçid məntəqəsində problem olub:
“Sərhədçilər də bunu izah edə bilmədikləri üçün mənə qarşı hansı tələblərin irəli sürüldüyünü heç bir şəkildə izah edə bilmirəm. Səfirin və Rusiya səfirliyinin müdaxiləsindən sonra anlaşılmazlıq və ya təxribata son qoyulub”.
Deputat əlavə edib ki, Qazaxıstana səfərinin heç bir “siyasi çalar”ı yoxdur.
Ötən ilin iyununda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukraynanın Donetsk və Luqansk vilayətlərindəki qondarma respublikaları tanımadığını demişdi. Bundan sonra Zatulin bildirmişdi ki, Rusiyanın müttəfiqləri ortaqlığa bufet kimi yanaşır: xoşuna gələni alır, xoşuna gəlməyəni isə almır. Eyni zamanda, o, Rusiyada Qazaxıstana qarşı ərazi iddialarını dəstəkləyən şəxslərdən biridir.
Ermənipərəst Zatulin Azərbaycan cəmiyyətinə tanışdır. İşğal dövründə dəfələrlə Qarabağa qanunsuz səfər edən Zatulin bu yöndəki təxribatçı açıqlamaları və fəaliyyətlərinə görə Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib.