“Azad Rusiya” Legionu və “Rusiya Könüllülər Korpusu”nun Belqorod vilayətinin Qrayvoron rayonunda başladılan hərbi əməliyyatı Rusiyanın sərhədyanı rayonlarının demilitarizasiyasının ilk mərhələsidir.
Teleqraf.com xəbər verir ki, bunu “Azad Rusiya” Legionunun Sezar ləqəbli döyüşçüsü Ukrayna mətbuatına deyib.
“Ukrayna ilə həmsərhəd rayonların demilitarizasiyası yeni başlayır və öz məntiqi ilə yekunlaşacaq. Müharibə bitdikdən sonra Rusiyanın sərhədyanı rayonlarında Ukrayna üçün təhlükə olmayacaq”, - döyüşçü bildirib.
Sezar əməliyyatların başqa istiqamətlərdə də aparıla biləcəyini söyləyib:
“Zamanla Rusiya ərazisində silahlı müqavimət mərkəzləri yaranacaq, biz Putin rejiminə qarşı döyüşməyə hazır olan çoxsaylı rusları sıralarımıza cəlb edə biləcəyik və silahlı qarşıdurma nəticəsində bu sistemi dağıdacağıq”.
Onun sözlərinə görə, “Azad Rusiya” Legionu Qrayvoronda keçirdiyi əməliyyatla nizami rus ordusu ilə bərabər səviyyədə döyüşə biləcəyini sübut edib:
“Son iki gündə sübut etdik ki, kifayət qədər irimiqyaslı əməliyyatları uğurla həyata keçirə bilərik, zaman keçdikcə miqyas daha da artacaq. Gücümüz, döyüş təcrübəmiz durmadan artır.
Qrayvoron rayonundakı əməliyyata gəlincə, bu həm hərbi cəhətdən uğurlu oldu, həm də böyük siyasi rezonans doğurdu və Rusiya cəmiyyətinə təsir etdi. Ruslar bu müharibənin heç bir divident gətirməyəcəyini düşünməyə başlamalıdır”.
Dünən “Azad Rusiya” Legionu və “Rusiya Könüllülər Korpusu”nun bölmələri Rusiyaya daxil olduqlarını açıqlayıblar. Döyüşlərin ilk mərhələsində Belqorod vilayətinin Kozinka qəsəbəsinin ələ keçirilməsi haqda məlumat yayılıb.
Həmin gün axşam saatlarında Belqorodda Federal Təhlükəsizlik Xidmətinin binasına hücum edildiyi açıqlanıb.