“Putin rejimi Ukraynaya qarşı müharibəni bitirənə qədər Rusiyanın digər sərhədyanı bölgələrində də irəliləyişlər olacaq. Ruslar Rusiya Federasiyasının heç bir yerində özlərini təhlükəsiz hiss etməyəcəklər”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şursının katibi Aleksey Danilov deyib.
“Bryansk, Kursk, Voronej vilayətləri və digər bölgələr təhlükəsiz ola bilməz. Əminəm ki, bu, bizim qələbəmizə qədər daimi proses olacaq”, - Danilov bildirib.
Ukrayna rəsmisi bu açıqlamanı “Rusiya Könüllülər” Korpusu və “Azad Rusiya” Legionunun Rusiya ərazisində davam edən əməliyyatları fonunda verib. Mayın 22-də bu bölmələrin döyüşçüləri Rusiyanın Belqorod vilayətində əməliyyata başlayıblar.
Döyüşçülər Rusiya ilə Ukrayna arasında hərbisizləşdirilmiş zona yaratmaq, Kremlə xidmət edən təhlükəsizlik qüvvələrini məhv etmək, həmçinin Rusiyada müqavimət hücrələrinin yaradılmasının və rejimə qarşı mübarizənin mümkün olduğunu göstərmək istədiklərini bildirirlər.