24 May 2023 11:46
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri, sabiq baş nazir İmran Xan mühakimə olunduğu məhkəmədə iştirak etmək üçün Lahordan paytaxt İslamabada gəlib.

Teleqraf.com xəbər verir ki, Terrorizmlə Mübarizə Məhkəməsi sabiq baş nazirin mühakimə edildiyi 8 iş üzrə iyunun 8-dək girov müqabilində azadlığa buraxılmasına qərar verib.

2022-ci ilin aprelində vəzifəsindən uzaqlaşdırılan Xana qarşı 90-dan çox məhkəmə iddiası var.

Məhkəmədən sonra İmran Xan Əl-Qadir Universiteti işi ilə bağlı Ravalpindidəki Milli Hesabat Bürosuna (NAB) gedib və burada dindirilib. Sorğu-sualdan sonra Lahora qayıdıb.

2022-ci ilin iyununda koalisiya hökuməti iddia edib ki, Xan və həyat yoldaşı Əl-Qadir Universitetini tikmək üçün Pakistanın daşınmaz əmlak maqnatı Malik Riyazdan bahalı böyük torpaq sahəsi və milyardlarla rupi alıb. NAB Xan hökumətinin Riyazla müqavilə bağladığını və bunun milli xəzinəyə 239 milyon dollardan çox zərər vurduğunu bildirir.

2019-cu ilin dekabrında Riyaz pulla bağlı araşdırma çərçivəsində aktivləri, o cümlədən 239 milyon dollar dəyərində əmlakı Böyük Britaniyanın Milli Cinayətlər Agentliyinə təhvil verməyə razılaşıb.

Pakistan daxili işlər naziri Rana Sanaullahın sözlərinə görə, Britaniya rəsmiləri “çirkli pulların yuyulması” ilə əlaqədar Pakistana 239 milyon dollar qaytarıb, amma Xan pulu milli xəzinədə saxlamaq əvəzinə Riyaza verib.

PTI lideri İmran Xan NAB tərəfindən irəli sürülən ittihamları əsassız hesab edir.

Ötəm ilin aprelində Pakistan parlamentində keçirilən etimad səsverməsində İmran Xan hökuməti iqtidardan uzaqlaşdırılıb. İmran Xanı Şahbaz Şərifin rəhbərlik etdiyi koalisiya hökuməti əvəzləyib.

Xan koalisiya hökumətinin erkən seçkidən imtina etdiyini əsas gətirərək ötən il oktyabrın 28-də Lahordan İslamabada yürüşə başlayıb. Noyabrın 3-də Vəzirabadda konvoyu atəşə tutularkən Xan hər iki ayağından yaralanıb. Hücum nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Pakistan ordusu mayın 8-də Xanın ona qarşı sui-qəsdin arxasında yüksək rütbəli kəşfiyyat rəsmisinin dayanması ilə bağlı iddialarını “məsuliyyətsiz və əsassız” adlandırıb. Bundan bir gün sonra NAB-ın qərarı ilə saxlanılıb.

Mayın 11-də Konstitusiya Məhkəməsi İmran Xanın həbsini qanunsuz hesab edərək dərhal azadlığa buraxılmasına qərar verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər