“Ukrayna qoşunlarının Rusiya ərazisinə daxil olması mümkündür, amma hələlik buna sadəcə ehtiyac yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert, Ukrayna ordusunun ehtiyatda olan polkovniki Roman Svitan deyib.
“İndi Rusiya vətəndaşları olan döyüşçülər Ukrayna ərazisinə daxil olublar, onların Rusiya pasportları var. Onlar ruslardır. Ukrayna qoşunlarının Rusiya ərazisinə daxil olmaması isə sadəcə zaman məsələsidir. Çünki bütün sülh müqavilələrinə görə düşmən ərazisinə hərbi məqsədlə girməyə icazə verilir. İşğal və ərazinin ilhaqı üçün deyil, işğalçı ölkənin hərbi obyektlərinin məhv edilməsi tapşırıqlarının yerinə yetirilməsi üçün”, - ekspert qeyd edib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri oradakı rus bölmələrini məhv etmək üçün Dnestryanı əraziyə (Moldova) problemsiz daxil ola bilər:
“Bunu Belarus ərazisində də edə bilərik. Sadəcə, bunu indi etməyəcəyik, əslində bu, bizim üçün hazırda sərfəli deyil. Amma bu o demək deyil ki, bunu sonra etməyəcəyik. Ukrayna qoşunlarının Rusiya ərazisinə daxil olması mümkündür, amma hələlik buna sadəcə ehtiyac yoxdur”.
Eyni zamanda, Svitan Ukrayna ordusunun Rusiya ərazisindəki mümkün hədəflərini də göstərib:
“Məsələn, Donbasın Rusiya ilə əlaqəsini kəsmək üçün su maneələrini aşaraq, Sever Donetsk boyunca Dona, sonra Rostova girmək olar, bunun üçün Rostov yolu və Donbasdakı rus qruplaşmaları məhv edilməlidir. Dünyanın heç bir dövləti soruşmaz ki, sən nə edirsən? Hər kəs Ukrayna qoşunlarının Rusiya ərazisinə girməkdə məqsədini anlayacaq”.
Polkovnik bundan sonra bölgədə Rostov Xalq Respublikasının yaradıla biləcəyini iddia edib.