“Hörmətli Bağçalının olduğu ittifaqı seçməyib, HDP-nin dəstəklədiyi ittifaqı seçəcəkdik? Bu, mümkün deyildi”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müxalif ATA İttifaqının keçmiş prezidentliyə namizədi Sinan Oğan deyib.
“Hörmətli Kılıçdaroğlu görüşlərimiz zamanı bizə bəzi təkliflər verdi. Əlbəttə, vitse-prezidentlik, nazirliklər olmayanda (təkliflər) asanlıqla paylayırlar. Cənab prezidentlə görüşəndə də öz prinsiplərimizi irəli sürdük, o da dedi ki, bu, bizim də prinsiplərimizdir. Kılıçdaroğlu bizim prinsiplərimizi qəbul etsə də, HDP ilə əməkdaşlıq məsələsində geri çəkilmədi. Bu, bizim qərarımızda (Rəcəb Tayyib Ərdoğana dəstəkdə) ən böyük amildir. Terror təşkilatlarına qarşı effektli mübarizənin tərəfdarıyıq. Cənab Ərdoğan da dedi ki, konstitusiyanın ilk dörd maddəsi bizim qırmızı xəttimizdir. Sizin yox, amma Əli Babacanın 66-cı maddə ilə bağlı bir dərdi var. İlk fürsətdə türklüyü konstitusiyadan çıxarmaq istəyənlərlə necə yan-yana dayana bilərdik”, - siyasətçi bildirib.
Oğan PKK terror təşkilatının siyasi qanadı HDP-nin olduğu Millət İttifaqını heç bir vəchlə seçə bilməyəcəyini söyləyib:
“Prezidentimizlə qaçqınlarla bağlı danışanda gördük ki, geri dönüşlə bağlı təqvim var. “Bir gecədə doldurub göndərək” demirik. Sərhədlərimizdə təhlükəsizliyin artırılması da bizim tələbimiz idi, prezident də buna qarşı çıxmadı. Biz mövsümi millətçi deyilik. Hörmətli Bağçalının olduğu ittifaqı seçməyib, HDP-nin dəstəklədiyi ittifaqı seçəcəkdik? Aramızda (Dövlət Bağçalı ilə) bu və ya digər problemlər ola bilər, amma məmləkət müzakirə mövzusu olanda türk millətçiləri birləşirlər”.